“Rusiyanın Ermənistan üzərindəki ənənəvi təsir imkanları əvvəlki gücünü itirib. Kreml artıq İrəvana qarşı ciddi siyasi və iqtisadi təzyiq mexanizmlərinə malik deyil.”– bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Ekspert qeyd edir ki, Rusiyanın istifadə edə biləcəyi əsas vasitələrdən biri Ermənistanın kənd təsərrüfatı və ərzaq məhsullarının Rusiya bazarına çıxışını məhdudlaşdırmaqdır. Lakin onun sözlərinə görə, bu təhdid əvvəlki qədər təsirli hesab edilmir.
“Çünki Ermənistan son illərdə Qərb bazarları ilə əlaqələrini genişləndirib və məhsullarının ixracı üçün alternativ imkanlar əldə edib. Kremlin enerji sahəsindəki təzyiq cəhdləri də gözlənilən nəticəni verməyib. Ermənistan sürətlə Qərblə inteqrasiyanı dərinləşdirir və eyni zamanda Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır.”- deyə Arzuman Muradlı bildirib.
Politoloq bu proseslərin nümunəsi kimi Ermənistan və Türkiyə iş adamlarının Qars şəhərində keçirdiyi son biznes-forumu göstərir. Onun qənaətinə görə, ilk baxışdan sırf iqtisadi xarakter daşıyan bu tədbir əslində regionda formalaşan yeni geosiyasi mənzərənin göstəricilərindən biridir.
“Forum iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi və qarşılıqlı əlaqələrin inkişafı baxımından əhəmiyyətli siqnal kimi qiymətləndirilir. Ermənistanın xarici siyasət kursunda müşahidə olunan dəyişikliklər ölkənin Qərbə yaxınlaşdığını, Türkiyə ilə əlaqələrin inkişaf etdiyini və Rusiyanın regiondakı təsir imkanlarının tədricən zəiflədiyini göstərir. Bu tendensiyanın yaxın dövrdə Ermənistanın siyasi və iqtisadi istiqamətlərinə də təsir göstərəcəyi ehtimal olunur.”– deyə Arzuman Muradlı əlavə edib.





















