image-kibzzj1rrsrb6al5dq8cbackend

İsrail Zəngəzura yerləşir – Paşinyandan İrana “soyuq duş”

image-ads-728x90

Yəhudi dövlətinin “Tramp marşrutu”nda iki strateji marağı var və İrəvanla təmaslar qurur; Tehranın Ermənistana təzyiqləri artacaqmı?

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İsrailə səfər edib. İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Eden Bar-Tal ilə görüşüb. “Bakı-Xəbər” qəzeti bu barədə İsrailin “Jewish News Syndicate” nəşrinə istinadla yazıb. 

Kostanyanın səfəri zamanı Zəngəzur dəhlizi əsas mövzu olub. Bildirilir ki, İsrailin “Tramp marşrutu”nda iki strateji marağı var: ABŞ və Azərbaycanın təşəbbüslərini dəstəkləmək və Tehranın Ermənistanla sərhədini faktiki olaraq Vaşinqtonun nəzarəti altında saxlamağa nail olmaq.

Qeyd edək ki, ABŞ və İranda təhsil almış, fars dilini də yaxşı bilən Kostanyan Tehrana çoxsaylı yüksək səviyyəli nümayəndə heyətlərinin tərkibində də səfər edib. Onun İsrail səfəri isə o səbəbə strateji əhəmiyyət kəsb edir ki, bu, İrəvanın dəhliz prosesini inkişaf etdirmək, ABŞ və müttəfiqləri ilə birləşməni sürətləndirmək üçün İranın narazılığını ciddiyə almamağa hazır olduğunu göstərir.

Bu arada Nikol Paşinyan bildirib ki, 8 avqustda Vaşinqtonda əldə edilən razılaşmalardan və TRIPP layihəsinin elan edilməsindən sonra Ermənistana investisiya marağı xeyli artıb. “TRIPP layihəsinin strateji çərçivəsini dəqiqləşdirmək üçün fəal şəkildə işləməyə davam edirik. Hazırda sənədlər üzərində işləyirik və deyə bilərəm ki, yaxşı templə irəliləyirik. TRIPP layihəsini müəyyən edilmiş müddət ərzində həyata keçirəcəyik”, – Baş nazir əlavə edib.

“Tramp marşrutu” (TRIPP – Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməli olan 42 kilometrlik hissəsi) layihəsinin vaxtında həyata keçirilməsi Cənubi Qafqaz regionu üçün birinci dərəcəli əhəmiyyətə malikdir”. Bunu isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 32-ci iclasında çıxışı zamanı bildirib.

C.Bayramov vurğulayıb ki, bu multimodal marşrut dəmir yolu, avtomobil yolu və digər kommunikasiyaları əhatə edəcək. “TRIPP Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməli, həmçinin Ermənistan üçün fayda gətirməlidir. Dəfələrlə bəyan edildiyi kimi, kommunikasiyaların açılması (regionda – red.) yalnız Ermənistan və Azərbaycan arasında sülhün dayanıqlığının təmin edilməsi ilə məhdudlaşmır, həm də daha böyük miqyasda əhəmiyyətli faydalar gətirir”, – Azərbaycan XİN başçısı bildirib.

İsrail-Ermənistan təmasları, Zəngəzur dəhlizi ilə bağlı yəhudi dövlətinin strateji maraqları İranda necə qarşılanacaq? Tehran İrəvana təzyiqləri artıracaq, yoxsa bu məsələdə razılaşma var? Azərbaycanın “sionist rejimi”ni cənub sərhədlərinə yerləşdirməkdə ittiham edən Tehran indi İrəvanın bu təmaslarına nə deyəcək?

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir” | Modern.az

Qabil Hüseynli

Professor Qabil Hüseynli İranın Zəngəzur dəhlizi ilə bağlı reallığı qəbul etdiyini fikirləşir. Politoloq güman edir ki, Tehran bölgədə yaranan şəraitə uyğun olaraq əvvəlki ritorikanı tez-tez təkrarlamır: “İran hökuməti dəhlizlə bağlı müsbət fikirlər səsləndirir, dini rejimin nümayəndələri isə əleyhinə çıxır. Bu ikitirəliyə baxmayaraq, 8 avqustda ABŞ-Ermənistan razılaşması İranın dilini qısa edib. Tehrandakı rejim ”Tramp marşrutu” adlanan logistika haqda köhnə narrativləri dilə gətirmir. Görünür ki, dəhlizdən pay ümidi var. O nöqteyi-nəzərdən İsrail-Ermənistan təmasları hər nə qədər İranın xoşuna gəlməsə də, indi seyirçi mövqeyindədir. Çünki Tehran dəhlizə müqavimət göstərmək üçün Moskvanın dəstəyinə arxalanır. Hazırda isə Moskva Trampla dialoqu pozmamaq üçün onun adını daşıyan marşrut xətti ilə bağlı pozuculuq etmək istəmir. Odur ki, İran və Rusiya gözləməyi üstün tutur. Nəticə etibarı ilə erməni tərəfinin İsraillə danışıqlarına Tehran hələ ki susur”.

WhatsApp Image 2025-12-04 at 15.24.42.jpeg (32 KB)

Fikrət Nəsrəddinzadə

Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şura üzvü Fikrət Nəsrəddinzadə isə Ermənistanın İsraillə əlaqələrini ABŞ-la əlaqələndirir. Onun fikrincə, bu iki ölkənin heç vaxt yaxşı münasibətləri olmayıb: “Bu da İsrailin bizə verdiyi dəstəkdən irəli gəlir. Öz növbəsində İran da Ermənistanı – yəni işğalçının tərəfini saxlayıb. İndi Cənubi Qafqazda paradiqmalar dəyişir, Bakı və İrəvan barışır, bu da siyasətə yenidən baxmağı zəruri edir. Məsələn, Ermənistanın son addımları tamamilə anti-İrandır. İstərsə dəhlizə nəzarəti Amerika şirkətinə verməsi olsun, istərsə bu yöndə İsrailin strateji maraqlarının nəzərə alınması, istərsə də hamısından qabaq avropalı müşahidəçiləri sərhədə yerləşdirməsi. Hər biri İranda qıcıq yaradır, amma hesablaşmalı olur”.

Nəsrəddinzadə Zəngəzur dəhlizinin istənilən halda açılacağına əmindir: “Dünya üçün Orta dəhlizin bir hissəsidir, bizə görə Naxçıvana quru yol təminatıdır, Ermənistana isə iqtisadi nəfəslikdir. Burada Rusiya və İranı qane etməyən maraqlar var. Amma Ermənistan Qərbdən aldığı dəstək sayəsində hər iki ölkənin təzyiqlərinə duruş gətirməlidir. Eyni zamanda, cənub qonşumuz bilməlidir ki, onun sərhədlərinə kim düşmən qüvvələri yaxınlaşdırır – biz, yoxsa erməni tərəfi?! Bu mənada İranın Azərbaycan siyasətində daha böyük dəyişiklik görmək istərdik. Doğrudur, cənab Pezeşkianın prezidentliyi dövründə əlaqələr normallaşıb. Ancaq mühafizəkar rejimin yanaşmasında heç bir dəyişiklik olmayıb”.

Yeri gəlmişkən, erməni jurnalist Marut Vanyan Ermənistanın ən cənub hissəsində, Zəngəzur bölgəsindəki tərk edilmiş Mehri stansiyasındakı relslərin və paslı vaqonların qalıqlarına işarə edir. Bura İranla sərhəddir və “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” (TRIPP) tezliklə oradan keçəcək. Bu xüsusi tranzit zonası Ermənistanın suverenliyinə tam hörmət etməklə yanaşı, Azərbaycandan Naxçıvan bölgəsinə çıxış imkanı verəcək.

Ən azından, Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə imzaladığı müqavilənin xülasəsi belədir. Yolun idarə olunması 99 ilə qədər Amerika şirkətinə veriləcək. Dəmir yolundan əlavə, müqavilə qaz kəməri, neft kəməri və fiber-optik kabelin çəkilməsini də nəzərdə tutur. İndi həm Əliyev, həm də Paşinyan iki ölkə arasında sülhün bərqərar olduğunu və daha müharibə olmayacağını bildirirlər. Lakin hələlik Rusiya sərhədçiləri Ermənistanın İranla sərhədində qalırlar. İranın varlığı Rusiyanın təsirindən daha aydın hiss olunur. Zəngəzur İran üçün əsas ticarət mərkəzidir. İran nömrə nişanlı yük maşınları yollarda hərəkət edir, yanacaqdoldurma məntəqələrində və mağazalarda fars dilində danışılır və iranlı işçilər yerli yolları təmir edirlər. Və heç kim “Tramp marşrutu”nun milyardlarla dollarlıq tikintisi zamanı Amerika, İran və Rusiyanın maraqlarının burada necə bir arada olacağını izah edə bilməz.“Yeni Müsavat”

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki