Azərbaycan da öz növbəsində kənd təsərrüfatını qeyri-neft sektorunun vacib istiqaməti olaraq inkişaf etdirməyi qarşısına məqsəd qoyub. İstər ötən illər ərzində bu sahədə atılan addımlar, imzalanan dövlət proqramları, fərman və sərəncamlar, istərsə də ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə ölkənin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirənin keçirilməsi bunu bir daha təsdiqləyir. Dövlət başçısının sədrliyi ilə keçirilən həmin müşavirəni kənd təsərrüfatı siyasəti, bu sahənin yeni çağırışlara və qlobal miqyasda baş verən mənfi tendensiyalara qarşı adekvat addımların atılması baxımından mühüm mərhələ kimi qiymətləndirmək mümkündür.
Qeyd etmək yerinə düşər ki, müşavirədə hazırda Azərbaycanda kənd təsərrüfatının mövcud vəziyyəti, qarşıda duran vəzifələr, gələcəkdə atılması vacib olan addımlar, eləcə də bu sahənin mümkün inkişaf perspektivləri geniş şəkildə müzakirə olundu. Cənab Prezident müşavirədə çıxış edərək bildirdi ki, qeyri-neft sektorunun inkişafı Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasının əsas prioritetlərindən biridir. Dövlət başçısının dediyi kimi, kənd təsərrüfatı da bu istiqamətdə xüsusi yer tutur. Bu yanaşma isə öz növbəsində həm iqtisadiyyatın şaxələndirilməsi, həm də regionların sosial-iqtisadi inkişafı və əhalinin rifah halının yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Etiraf etmək lazımdır ki, qeyd edilən sahədə bu günə qədər müvafiq addımlar atılıb, tədbirlər görülsə də, hazırda kənd təsərrüfatı sahəsində mövcud olan vəziyyət qənaətbəxş deyil. Müşahidə edilən acı mənzərə ondan ibarətdir ki, getdikcə bu sahədə idxal asılılığı yaranır. Təsadüfi deyil ki, dövlət başçısı da müşavirədə çıxışı zamanı kənd təsərrüfatı sahəsində mövcud vəziyyətdən razı qalmadığını dilə gətirib. Cənab Prezident açıq şəkildə bildirib ki, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika onu qane etmir. Müşavirədən dərhal sonra 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramının təsdiqlənməsi ölkə rəhbərliyinin bu sahəyə nə qədər ciddi diqqət yetirdiyini və kənd təsərrüfatında neqativ halların aradan qaldırılıb inkişafa doğru istiqamət götürülməsində maraqlı olduğunu təsdiqlədi.
Həm sözügedən müşavirə, həm də təsdiq edilən Dövlət Proqramı təkcə kənd təsərrüfatının inkişafını özündə ehtiva etmir, eyni zamanda kəndlərdən şəhərlərə axının qarşısını almağa hesablanır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu acı reallıq Azərbaycanda da müşahidə edilir və bunun qarşısını almağın yolu isə kənd təsərrüfatının inkişafına nail olmaq, kəndlini daha da stimullaşdırmaqdır. Elə addımlar atılıb, tədbirlər görülməlidir ki, kəndli kənddən şəhərə üz tutmasın, əksinə, şəhərdən kəndə qayıtsın və bu sahədə çalışmağa üstünlük versin. Elə Prezident İlham Əliyev də çıxışında bunu açıq şəkildə ifadə etdi: “Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də, əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır”.
Kənd təsərrüfatının inkişafının bir yolu da, təbii ki, subsidiyalardır. Prezidentin dediyi kimi, bu sahənin inkişafında subsidiyaların böyük əhəmiyyəti var. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Ancaq Cənab Prezident də qeyd etdi ki, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir.
Müşavirədə xüsusi diqqət çəkən məsələlərdən biri də su ehtiyatlarının idarə olunması idi. Qlobal istiləşmə, su hövzələrinin quruması və iqlim dəyişiklikləri kənd təsərrüfatında suya olan ehtiyacı daha da artırır. Bu problemi aradan qaldırmaq üçün Prezident qeyd edib ki, su itkilərinin qarşısının alınması və müasir suvarma sistemlərinin tətbiqi əsas vəzifələrdəndir. Bu mənada damcılı suvarma və digər müasir texnologiyaların tətbiqi məhsuldarlığın artırılması ilə yanaşı, resurslardan daha səmərəli istifadəyə imkan verir. Bu istiqamətdə dövlət proqramlarının həyata keçirilməsi kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcək. Bu da öz növbəsində kənd təsərrüfatının inkişafı ilə yanaşı, idxaldan asılılığı da aradan qaldıracaq.
Xüsusilə buğda idxalının minimuma endirilməsi qarşıda duran vacib məsələdir və dövlət başçısı bunu əsas vəzifə kimi qarşıya qoyub. Prezident bildirib ki, biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır: “Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq ki, çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Daxili istehsal 1 milyon 573 min ton, idxal isə 1 milyon 267 min tondur. Bax, bu idxalı biz azaltmalıyıq. Biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır”.
Beləliklə, Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatının inkişafı ilə bağlı keçirilən müşavirə bir daha göstərdi ki, bu sahə, eləcə də ərzaq təhlükəsizliyinin təminatı Azərbaycanın strateji inkişaf prioritetlərindən biridir. Onun inkişafı üçün həm imkan, həm də potensial var.
Nəsib Məhəməliyev,
Milli Məclisin deputatı





















