Ərbəin mərasimləri zamanı İraqın Kərbəla şəhərində İranın ali rəhbərliyinin tərəfdarları ilə Ayətullah Sadiq Şirazinin davamçıları arasında qısa müddətli qarşıdurma yaşanıb.
Korrekt.az xəbər verir ki, İran hakimiyyətinə müxalif mövqeyi ilə tanınan və Ayətullah Sadiq Şiraziyə yaxınlığı ilə tanınan Alshaaer telekanalının yaydığı görüntülərə görə, insident İranın ali rəhbəri Əli Xameneyinin tərəfdarlarının Kərbəlada Sadiq Şirazinin ofisinin qarşısından keçərkən ona qarşı şüarlar səsləndirməsindən sonra baş verib. Buna cavab olaraq Şirazinin tərəfdarları etiraz edib və tərəflər arasında gərginlik yaranıb.
Hadisəyə İraq polisi operativ müdaxilə edib. Hüquq-mühafizə orqanlarının müdaxiləsindən sonra qarşıdurma bir neçə dəqiqə ərzində nəzarət altına alınıb.
Qeyd edək ki, Ayətullah Sadiq Şirazi İran İslam Respublikasının siyasi-idarəetmə modeli olan “vilayəti-fəqih” nəzəriyyəsinin tanınmış tənqidçilərindən hesab olunur. İran hökumətinə bağlı media orqanları isə onu tez-tez “Britaniya şiəsi” adlandırdıqları hərəkatın lideri kimi təqdim edir.





















