Kiyevdə Ukrayna Milli Elmlər Akademiyasının binasına PUA zərbəsi endirilməsi nəticəsində iki akademik həlak olub.
Ukrayna mətbuatının məlumatına görə, hadisə sentyabrın 29-da Kiyevin mərkəzində baş verib. Zərbə nəticəsində binada yanğın başlayıb.
Ukrayna Milli Elmlər Akademiyasının prezidenti Anatoli Zaqorodnı bildirib ki, hadisə nəticəsində iki akademik həyatını itirib. Onun sözlərinə görə, daha bir neçə akademiklə əlaqə yaratmaq mümkün deyil.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
İlkin məlumatlarda PUA-nın Kiyevin Şevçenkiv rayonunda qeyri-yaşayış binasına düşdüyü bildirilib. Kiyev meri Vitali Kliçko binada yanğın baş verdiyini açıqlayıb.
Daha sonra Ukrayna mediası zərbənin məhz Ukrayna Milli Elmlər Akademiyasının binasına endirildiyini bildirib. Hadisə zamanı binada insanların olduğu və bəzi şəxslərin pəncərələrdən çıxmağa çalışdığı qeyd edilir.
Həlak olanların və xəsarət alanların sayı ilə bağlı məlumatların dəqiqləşdirilməsi davam edir.




















