Sentyabrın 25-də “Bakı KOB evi”ndə “İcbari tibbi sığorta ilə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər” mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin məsul şəxsləri, Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) rəhbər heyəti və üzvləri, digər dövlət və özəl səhiyyə sektorunun nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən KOBİA-nın Bakı və Abşeron-Xızı iqtisadi rayonları üzrə regional koordinatoru Ayaz Ədilov icbari tibbi sığorta sisteminin səmərəli fəaliyyətinin təmin olunmasında dövlət və özəl səhiyyə sektorları arasında əməkdaşlığın önəmi barədə fikirlərini bölüşüb.
Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) sədri Günel Əliyeva çıxışının əvvəlində icbari tibbi sığorta sisteminin Azərbaycanda səhiyyə islahatlarının mühüm nailiyyətlərindən biri olduğunu qeyd edərək, bu sistem nəticəsində milyonlarla vətəndaşın dövlət tərəfindən maliyyələşən tibbi xidmətlərə bərabər çıxış imkanı əldə etdiyindən danışıb. O, ölkəmizdə sahibkarlığın inkişafına dövlət dəstəyinin xüsusi əhəmiyyətindən bəhs edərək, bu yanaşma nəticəsində özəl tibb sektorunun mərhələli inkişaf yolu keçdiyini və bu gün qabaqcıl dünya ölkələrindəki klinikalarla rəqabət edə biləcək özəl klinikaların fəaliyyət göstərdiyini vurğulayıb. ÖTMA sədri səhiyyə sahəsində həyata keçirilən islahatlar çərçivəsində özəl sektorun roluna yenidən baxılmasının vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, özəl tibb müəssisələri müasir tibbi infrastruktur, texnologiya, ixtisaslı kadr potensialı və xidmət imkanları baxımından səhiyyə sisteminin mühüm resurslarından biridir.
ÖTMA sədri xüsusi vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə icbari tibbi sığorta idarəetməsinin təkmilləşdirilməsi, ödəyici və xidmət təminatçısının ayrılması özəl sektorun rolunun yenidən dəyərləndirilməsi imkanı və strateji inkişaf pəncərəsi açır. Günel Əliyeva icbari tibbi sığorta çərçivəsində qarşıya çıxan bir sıra məsələlərə də toxunub. Bunların sırasında tariflərin mülkiyyət formasından asılı olmayaraq təyin olunması, akkreditasiya statusu və xidmət mürəkkəbliyinə görə fərqləndirilməsi, dövlət və özəl tibb müəssisələri arasında tarif bərabərliyi və neytral ödəmə mexanizmi, göndərişlərin keyfiyyət yönümlü və tibbi göstəriş prinsipləri əsasında formalaşdırılması, pasientin seçim azadlığı və müştərək maliyyələşdirmə inteqrasiyası, eləcə də xidmətlər zərfində tariflərin təyin edilməsi prosesində özəl sektorun iştirakının artırılması qeyd olunub.
Günel Əliyeva, həmçinin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən yeni Dövlət Proqramının ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi, vətəndaşların müxtəlif xidmətlərə çıxış imkanlarının artırılması və müasir mexanizmlərin tətbiqi baxımından əhəmiyyətindən danışıb və bu proqramda könüllü sığorta mexanizmlərinin o cümlədən könüllü tibbi sığortanın inkişafının təşviq edilməsinə diqqət çəkib. O qeyd edib ki, bu yanaşma yalnız sığorta sektorunun deyil, bütövlükdə səhiyyə sisteminin inkişafına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və vətəndaşların daha geniş seçim imkanları əldə etməsinə xidmət edəcək strateji addımlardan biridir. Günel Əliyeva vətəndaşın tibbi xidmətlərə əlçatanlığının artırılması baxımından beynəlxalq təcrübəyə istinad edərək bildirib: “Beynəlxalq təcrübəyə nəzər yetirsək, görərik ki, məsələn Fransa modelində icbari sığorta ilə yanaşı könüllü sığorta sistemləri fəaliyyət göstərir, bu modellərdə dövlət baza xidmətlərini təmin edir, könüllü sığorta isə vətəndaşa əlavə seçim, daha geniş xidmət paketi və yüksək komfort imkanları yaradır. Yəni, tamamlayıcı sığorta roluna girir. Vətəndaş əgər göndərişsiz gedərsə, bu zaman baza xidmətlərindən daha az ödəniş oluna bilər və belə halda könüllü sığorta onun tamamlayıcı sığortası kimi çıxış edir. Yəni göndəriş mexanizmi var amma qatı deyil, keyfiyyət yönümlü və maliyyə təşviqlidir. Hollandiya modelinə baxsaq, orada idarə olunan rəqabət modelidir, bu halda ödəyici bitərəfdir, pasiyent isə keyfiyyətə və nəticələrə görə seçim edir”.
Tədbirdə ÖTMA-nın baş katibi Vüqar Eyvazov “Azərbaycanda özəl səhiyyə sektorunun mövcud vəziyyətinin dəyərləndirilməsi, SWOT təhlili və inkişaf istiqamətləri və strateji baxış” mövzusunda geniş təqdimatla çıxış edib.
Təqdimatda Azərbaycanın özəl səhiyyə sektorunun ümumi görünüşü, regionlar üzrə bölgüsü, müxtəlif kateqoriyalar üzrə sığorta inteqrasiyası, icbari tibbi sığorta göndərişlərinin özəl səhiyyə sektoruna iqtisadi təsiri, xarici tibbi miqrasiyanın əsas iqtisadi səbəbləri, eləcə də vətəndaş prizmasından icbari tibbi sığorta, ödəniş və tibbi xidmətlərə əlçatanlıq məsələləri ətraflı təhlil olunub.
ÖTMA baş katibi özəl səhiyyə sektorunun güclü və zəif tərəfləri, mövcud imkanlar və potensial risklər, sektorun dayanıqlı inkişafı üçün institusional, maliyyə və texnoloji istiqamətlər üzrə təkliflər irəli sürüb. Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarında müəyyənləşdirilən sosial siyasət və inklüzivlik istiqamətlərinin səhiyyə sektorunda həyata keçirilən islahatlarla əlaqələndirilməsinin vacibliyini vurğulayan V.Eyvazov özəl səhiyyə sektorunun yalnız daxili tələbatın qarşılanmasına xidmət edən sahə kimi deyil, eyni zamanda tibbi xidmətlərin ixracı potensialına malik iqtisadi sektor kimi inkişaf etdirilməsinin mümkünlüyünü diqqətə çatdırıb.
Çıxışı zamanı ÖTMA-nın baş katibi tibbi cihaz parkının vəziyyəti, tibbi avadanlıqların kəmiyyət və keyfiyyət göstəriciləri, regionlar üzrə tibbi infrastrukturun inkişafı və xidmətlərin coğrafi əlçatanlığının artırılması məsələlərinə də toxunub. O, tibbi xidmət ixracının inkişaf etdirilməsi, beynəlxalq standartlara uyğun tibbi infrastrukturun formalaşdırılması, xarici pasiyentlərin Azərbaycana cəlb olunması və ölkənin regional tibbi xidmət mərkəzinə çevrilməsi istiqamətində imkanların olduğunu qeyd edib.
Təqdimat zamanı ÖTMA-nın 2026–2030-cu illər üzrə strateji baxışı da təqdim olunub. Qeyd edilib ki, strateji baxışın əsas istiqamətlərindən biri Azərbaycan özəl səhiyyə sektorunun yalnız daxili bazara yönəlmiş modeldən çıxarılaraq, qlobal standartlara uyğun texnoloji baza ilə təchiz olunmuş, regional tibbi xidmətlər ixrac edən, coğrafi baxımdan şaxələnmiş və dayanıqlı səhiyyə ekosisteminə çevrilməsidir. V.Eyvazov özəl tibb sektorunun müstəqil klaster kimi formalaşdırılması, qiymətləndirilməsi və səhiyyə sisteminə inteqrasiya edilməsi təklifini xüsusi strateji istiqamət kimi təqdim edib. Onun sözlərinə görə, belə yanaşma özəl səhiyyə müəssisələrinin mövcud potensialının daha sistemli şəkildə qiymətləndirilməsinə, onların xidmət imkanlarının vahid strateji yanaşma çərçivəsində əlaqələndirilməsinə və dövlət–özəl tərəfdaşlığının yeni mərhələyə keçirilməsinə imkan yarada bilər.
“Bizim strateji baxışımız özəl səhiyyənin potensialının daha sistemli şəkildə qiymətləndirilməsinə və bu potensialın vahid inkişaf yanaşması çərçivəsində səfərbər edilməsinə əsaslanır. Məqsəd müasir texnologiyalara, güclü insan resurslarına və beynəlxalq standartlara əsaslanan, həm daxili tələbatı qarşılayan, həm də regional bazarlara çıxış imkanına malik dayanıqlı özəl səhiyyə sektoru formalaşdırmaqdır”, – deyə V.Eyvazov qeyd edib.
Tədbirdə, həmçinin icbari tibbi sığorta sistemində dövlət və özəl tibb müəssisələrinin qarşılıqlı fəaliyyətinin daha səmərəli qurulması, xidmətlərin keyfiyyət göstəricilərinin nəzərə alınması, tarif mexanizmlərinin təkmilləşdirilməsi, göndərişlərin vaxtında və tibbi ehtiyaca uyğun verilməsi, regionlarda tibbi xidmətlərin əlçatanlığının artırılması və özəl səhiyyənin iqtisadi dayanıqlılığının təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda interaktiv sual-cavab sessiyası keçirilib. İştirakçıların sualları cavablandırılıb, dövlət və özəl səhiyyə sektorunun nümayəndələrinin təklifləri dinlənilib və qeydə alınıb.
Bildirilib ki, bu formatda açıq dialoqun davam etdirilməsi icbari tibbi sığorta sistemində mövcud məsələlərin birgə müzakirəsinə, dövlət və özəl sektor arasında əməkdaşlığın daha da gücləndirilməsinə və vətəndaşların keyfiyyətli, əlçatan tibbi xidmətlərə çıxışının genişləndirilməsinə töhfə verə bilər.





















