Bakıda ictimai nəqliyyatda sərnişinlərin üzləşdiyi problemlərlə bağlı redaksiyamıza növbəti şikayət daxil olub.
Bakı şəhər sakini Elnurə Yusifova “Xaliq Faiqoğlu” MMC-yə məxsus, 9 nömrəli marşrut üzrə hərəkət edən 99-JM-393 dövlət qeydiyyat nişanlı avtobusla bağlı şikayət edib.
Sərnişinin sözlərinə görə, o, bu gün saat 16:30-dan 17:20-dək “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı dayanacaqda avtobus gözləyib. “Uzun müddət avtobus gəlmədiyi üçün bəzi sərnişinlərin 1 manatlıq taksilərdən istifadə edərək evlərinə getməyə məcbur qaldı.” -deyə şikayətçi bildirir.
Şikayətçinin sözlərinə görə, 9 nömrəli avtobus təxminən 50 dəqiqə sonra dayanacağa gəlib.
Elnurə Yusufova qeyd edir ki, havanın yüksək temperaturda olmasına baxmayaraq, avtobusda kondisioner işləmirdi və nəqliyyat vasitəsinin qapıları açıq vəziyyətdə hərəkət edirdi.
Onun sözlərinə görə, çəkiliş etdiyini görən sürücü avtobusu saxlayaraq sərnişinə aqressiv şəkildə yaxınlaşıb. Şikayətçi bildirir ki, sürücü avtobusdan düşərək təxminən 10 dəqiqə ərzində nəqliyyat vasitəsinin hərəkətini dayandırdı.
Sürücü “Mən dəliyəm, əsəbiyəm, məni heç kim əsəbləşdirməsin” deyərək hər kəsi təhqir edirdi.
“Mən sərnişin kimi təhlükəsiz, normal və insan ləyaqətinə uyğun ictimai nəqliyyat xidmətindən istifadə etmək istəyirəm . Biz ictimai nəqliyyatdan istifadə üçün pul ödəyirik və bunun qarşılığında təhlükəsiz və keyfiyyətli xidmət tələb etmək hüququmuz var”, – deyə Elnurə Yusifova bildirib.
Məsələ ilə bağlı AYNA-nın və “Xaliq Faiqoğlu” MMC-nin mövqeyini dərc etməyə hazırıq.





















