Almaniyanın paytaxtı Berlində keçirilən LGBT paradı zamanı mikroavtobusun izdihamın üzərinə sürülməsi nəticəsində 1 nəfər həlak olub, 16 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Korrekt.az xəbər verir ki, bu barədə DW polisə istinadən məlumat yayıb.
Məlumata görə, yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Bild qəzeti hadisənin görüntülərini yayımlayıb. İddialara əsasən, ağ rəngli mikroavtobus Tiergarten parkı yaxınlığında qəsdən insanların üzərinə sürülüb və daha sonra ağaca çırpılıb.
Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyən etdiyini açıqlayıb. Bildirilir ki, onun islamçı dairələrlə əlaqələri olduğu ehtimal edilir.
Şahidlərin sözlərinə görə, mikroavtobusu idarə edən şəxs bıçaqla silahlanmış olub. Hazırda müstəntiqlər hücumun təkbaşına, yoxsa qrup halında planlaşdırıldığını araşdırırlar.
Almaniya kansleri Fridrix Merts hadisəni “dəhşətli cinayət” adlandırıb. O, baş verənləri daxili işlər naziri Aleksandr Dobrindt ilə müzakirə edib. Almaniya hökuməti bütün halların araşdırılacağını və məsul şəxslərin qanun qarşısında cavab verməsi üçün qətiyyətli addımlar atılacağını bəyan edib.
dpa agentliyinin məlumatına görə, polis 2026-cı ilin may ayına qədər islah müəssisəsində saxlanılmış 21 yaşlı şəxsi axtarır. Onun fotosunun yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.
Die Welt qəzetinin yazdığına görə, hadisədə istifadə olunan mikroavtobusu 2005-ci il təvəllüdlü Əbdül B. adlı şəxs icarəyə götürüb. Qəzetin mənbələri bildiriblər ki, həmin şəxs “dini kontekstdə” hüquq-mühafizə orqanlarına əvvəldən məlum olub.
Nəşrin məlumatına əsasən, şübhəlinin yaşadığı evin sakinlərindən biri onun bir neçə ay əvvəl hücum planlarından danışdığını və Almaniyadakı həyatından narazılıq etdiyini bildirib.
Polisin açıqlamasına görə, şübhəli toqquşmadan sonra avtomobili tərk edərək hadisə yerindən qaçıb. Hücum zamanı soyuq silahdan istifadə edilib-edilmədiyi də araşdırılır. n-tv telekanalının məlumatına görə, şahidlər hadisə zamanı bir neçə nəfərin bıçaqlandığını, bəziləri isə əlində pala olan şəxsi gördüklərini iddia ediblər.





















