image-img-20260312-wa0110backend

Mart imtahanlarından sonrakı “boşluq”: Məktəbdə blok hazırlığı layihəsi bir xilas yolu kimi

image-ads-728x90

Mart ayında keçirilən 11-ci sinif buraxılış imtahanları hər il həm valideynlər, həm də təhsil işçiləri arasında böyük diskussiyalara səbəb olan, təhsil sisteminin ən həssas nöqtələrindən biridir. Bu vəziyyət ilk baxışda şagirdlərin yükünü azaltsa da, əslində tədris prosesinin bütövlüyünə ciddi zərbə vurur. İmtahanın martda başa çatması 11-ci sinif şagirdləri üçün psixoloji olaraq məktəb dövrünün bitməsi deməkdir və bu andan etibarən aprel, may, iyun ayları sanki “itirilmiş zaman” kəsiyinə çevrilir. Şagirdlərin böyük əksəriyyəti artıq məktəb dərslərinə olan motivasiyasını tamamilə itirərək bütün diqqətini yalnız ali məktəbə qəbulun ikinci mərhələsi olan blok imtahanlarına yönəldir.

Bu isə məktəblərdə davamiyyətin kəskin aşağı düşməsi və tədris proqramının qalan hissəsinin sadəcə formal xarakter daşıması ilə nəticələnir. Təhsil rəsmiləri bu erkən imtahan modelini adətən minlərlə şagirdin yazı işlərinin yoxlanılması və nəticələrin emalı üçün vaxt qazanmaqla əsaslandırsalar da, reallıqda bu yanaşma 11 illik təhsil proqramının de-fakto 10 il yarıma enməsinə, məktəbin tərbiyəvi rolunun zəifləməsinə və repetitor institutunun tam hakimiyyətinə şərait yaradır.

Ən acınacaqlı məqam isə odur ki, buraxılış imtahanından sonra 11-ci siniflərin dərsə gəlməməsinə və yaranan bu intizamsızlığa qarşı heç bir təsir mexanizmi yoxdur. Şagird artıq qiymət qorxusu yaşamır, attestat balları böyük ölçüdə formalaşmış hesab olunur və məktəb rəhbərliyinin əlində şagirdi sinifdə saxlamaq üçün heç bir “rəsmi rıçaq” qalmır. Bu “cəzasızlıq” mühiti illərlə qurulan məktəb ierarxiyasını sarsıdır; müəllim sinfə girəndə qarşısında ağlı repetitor yanında və ya test kitabçalarında olan bir boşluq görür. Şagird artıq məktəbi sadəcə bir “arayış mənbəyi” kimi qəbul edir ki, bu da illərlə zəhmət çəkmiş pedaqoji kollektivin nüfuzuna ağır zərbə vurur, müəllimi öz sinfində sanki “fuzuli bir element” vəziyyətinə salır. Təhsil Nazirliyinin elektron jurnallara keçid və statistik rəqəmlərin artan tələbləri fonunda müəllim onsuz da böyük bir yük altındadır; şagirdin bu etinasızlığı isə həmin yükün mənəvi ağırlığını daha da artırır.

Bu boşluğu aradan qaldırmaq və intizamı bərpa etmək üçün ən səmərəli çıxış yolu məhz həmin üç aylıq müddəti məktəb daxilində universitetə hazırlıq, yəni blok imtahanlarına hazırlıq üzrə xüsusi bir proqram və ya layihəyə çevirməkdir.

Məktəblərdə ixtisas qrupları üzrə yaradılacaq “akademik dəstək mərkəzləri” vasitəsilə şagirdlər intensiv test tapşırıqları və sınaq imtahanları ilə məşğul ola bilərlər. Bu cür proqram həm də sosial ədaləti təmin edərdi; repetitora getmək imkanı olmayan istedadlı şagirdlər məktəbdə peşəkar müəllimlərin nəzarəti ilə hazırlıqlarını tamamlaya bilərdilər. Bu yanaşma valideynlərin maddi yükünü azaldar, şagirdi isə küçələrdən və kursların dəhlizlərindən geri — doğma məktəbinə qaytarar.

Belə bir modeldə məktəb sadəcə bina deyil, birbaşa universitet qapısına aparan strateji bir mərkəzə çevrilər. Məktəb rəhbərliyi bu üç ayı şagirdin taleyi üçün “qızıl dövr” kimi qiymətləndirib dərsləri praktiki hazırlıq üzərində qursa, həm davamiyyət problemi kökündən həll olunar, həm də qazanılan uğur birbaşa məktəbin və oradakı fədakar müəllimin adı ilə bağlanar. Unutmaq olmaz ki, təhsil sadəcə imtahan vermək deyil, intizam və davamlı öyrənmə prosesidir; martdan sonra yaranan bu “hüquqi boşluq” isə təkcə biliyi deyil, həm də gənc nəslin məsuliyyət hissini zədələyir.

Şəmsi Qoca,
Təhsil eksperti



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki