image-1backend

Mənzil alanların nəzərinə – Ali Məhkəmədən mühüm qərar

image-ads-728x90

Ali Məhkəmə daşınmaz əmlakla bağlı mübahisələrdə vacib hesab olunan yeni qərardad qəbul edib.

Bu barədə Ali Məhkəmədən məlumat verilib.

Qərardad mənzil və digər daşınmaz əmlakların alqı-satqısı zamanı vicdanlı alıcıların hüquqlarının necə qorunacağını müəyyənləşdirir.

Son illər bəzi hallarda mənzillər saxta sənədlər və ya qanunsuz yollarla əsl sahibinin əlindən çıxaraq bir neçə dəfə satılıb. Daha sonra həqiqi mülkiyyətçi bunu öyrənərək əmlakının geri qaytarılmasını tələb edib. Belə vəziyyətlərdə məhkəmələr qarşısında iki maraq dayanır: əmlakını itirmiş əsl sahibin hüquqları və mənzili qanuni şəkildə aldığını düşünən son alıcının maraqları.

Ali Məhkəmə bildirib ki, belə hallarda əsas məsələlərdən biri alıcının vicdanlı olub-olmamasının müəyyənləşdirilməsidir. Əgər şəxs mənzili alarkən bütün lazımi yoxlamaları aparıb, dövlət reyestrində satıcının mülkiyyətçi kimi qeydiyyatda olduğunu görüb və buna əsasən alqı-satqı həyata keçiribsə, o, vicdanlı əldə edən hesab oluna bilər.

Qərardadda vurğulanır ki, daşınmaz əmlak bazarının normal fəaliyyəti üçün vətəndaşlar dövlət reyestrindəki məlumatlara etibar edə bilməlidirlər. Əks halda hər bir alqı-satqı əməliyyatı riskli olar və bu da əmlak bazarında qeyri-müəyyənliyə səbəb olar.

Bununla belə, Ali Məhkəmə qeyd edir ki, qanun yalnız həqiqətən vicdanlı davranan şəxsləri qoruyur.

Qərardada əsasən, mübahisəli hallarda məhkəmələr hər bir işi ayrıca araşdırmalı, əsl mülkiyyətçinin və son alıcının hüquqlarını qiymətləndirməli, yalnız bundan sonra qərar verməlidirlər.

Ali Məhkəmənin bu qərardadı eyni kateqoriyadan olan işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına, hüquqi müəyyənliyin təmin olunmasına və daşınmaz əmlak mübahisələrinin daha aydın qaydalar əsasında həllinə xidmət edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki