Türkiyədə jurnalist Fatih Altaylı “prezidenti hədələmək” ittihamı ilə 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarına əsasən, Altaylı həbsdə qalmağa davam edəcək.
Korrekt.az xəbər verir ki, İstanbul 26-cı Ağır Cəza Məhkəməsində, Silivridəki Mərmərə Qapalı Cəza Müəssisəsi yanında keçirilən prosesdə təqsirləndirilən Altaylı və vəkillər iştirak ediblər.
Məhkəmə əvvəlcə jurnalistə sözügedən ittihamla 1 il həbs cəzası verib. Daha sonra bu cəza “prezidentə qarşı növbəti fiziki hücum məqsədi” kimi qiymətləndirildiyindən 1 il 6 aya qaldırılıb. Hakimlər cinayətin mahiyyətinə görə cəzanın 5 ildən az ola bilməyəcəyini əsas gətirərək hökmü 5 ilə yüksəldiblər.
Sonradan Altaylının şəxsi vəziyyəti nəzərə alınaraq cəza 4 il 2 aya endirilib. Məhkəmə, “cəzanın ağırlığı və qaçma ehtimalı”na görə jurnalistin həbsinin davam etdirilməsinə qərar verib.
İstanbul Baş Prokurorluğunun hazırladığı iddianamədə Prezident Rəcəb Tayyib Ərdoğan “şikayətçi” kimi göstərilib.
İddianaməyə görə, Altaylının 20 iyunda öz “YouTube” kanalında yayımladığı videoda prezidentə yönəlik ifadələri istintaqa səbəb olub. Video analizi nəticəsində prokurorluq həmin sözlərin “prezidentə həyati təhdid” kimi qiymətləndirildiyini, kontentin geniş auditoriyaya yayıldığını və bunun “təhdid məqsədi” güddüyünün şübhə doğurmadığını qeyd edib.
Prezident Ərdoğan videodan xəbərdar olduqdan sonra 23 iyunda rəsmi şikayət verib.
İttihamnamədə Altaylının çıxışında “keçmişdə sevilməyən sultanların öldürülməsi ilə bağlı tarixi nümunə gətirərək” prezidentə qarşı təhdid xarakterli mesaj verdiyi iddia olunub.
Prokurorluq jurnalist üçün “prezidenti hədələmək” maddəsi üzrə 5 ildən az olmamaqla həbs cəzası tələb etmişdi.





















