Enerji içkilərinin ürək sağlamlığına mümkün təsirləri Amerika Ürək Assosiasiyasının 2026-cı il elmi toplantısında təqdim olunan yeni araşdırma ilə yenidən gündəmə gəlib.
Korrekt.az xəbər verir ki, ABŞ Qida və Dərman Administrasiyasına (FDA) daxil olan minlərlə yan təsir bildirişinin təhlili kofein və digər stimullaşdırıcı maddələr ehtiva edən məhsullarla ciddi ürək problemləri arasında diqqətçəkən əlaqənin olduğunu ortaya qoyub.
Xüsusilə ürək dayanması, infarkt və ritm pozuntuları ilə bağlı qeydlərdəki fərqlər alimlərin diqqətini çəkib. Tədqiqatın nəticələri 11 noyabr 2026-cı ildə “ScienceDaily” nəşrində də dərc olunub.
Virciniya Universitetinin Tibb Fakültəsindən Sai Samayamanthulanın da daxil olduğu tədqiqatçılar 2017-2025-ci illər ərzində FDA-ya təqdim edilmiş 28 345 mümkün yan təsir bildirişini təhlil ediblər.
Onlardan 854-ü kofein və ya digər stimullaşdırıcı maddələr ehtiva edən enerji içkiləri və qida əlavələri ilə əlaqəli olub. Qalan 27 491 bildiriş isə stimullaşdırıcı maddələr ehtiva etməyən müxtəlif qida və əlavə məhsullara aid olub. Araşdırma 13 yaş və yuxarı şəxslərlə bağlı qeydləri əhatə edib.
Tədqiqatın ən diqqətçəkən nəticəsi ürək dayanması ilə bağlı qeydlərdə müşahidə olunub. Kofein və stimullaşdırıcı maddələr ehtiva edən məhsullarla əlaqəli bildirişlərdə ürək dayanmasından bəhs edilmə tezliyi müqayisə qrupu ilə müqayisədə təxminən 11 dəfə yüksək olub.
İnfarktla bağlı bildirişlərdə 4,5 dəfə, ürəyin aşağı kameralarından qaynaqlanan ritm pozuntuları və ya ürəkdöyünmə şikayətləri ilə bağlı qeydlərdə isə təxminən dörd dəfə fərq müəyyən edilib.
Ürəklə əlaqəli digər şikayətlərdə də oxşar mənzərə ortaya çıxıb. Ürək döyüntüsünün sürətlənməsi təxminən üç dəfə, sinə ağrısı 2,71 dəfə, huşunu itirmə isə iki dəfə daha çox qeydə alınıb.
Lakin tədqiqatçılar bu rəqəmlərin enerji içkisi qəbul edən şəxslərdə infarkt və ya ürək dayanması ehtimalının eyni nisbətdə artdığı anlamına gəlmədiyini xüsusi vurğulayıblar.
Araşdırmanın diqqətçəkən digər nəticəsi yaş bölgüsü ilə bağlı olub. Kofein və stimullaşdırıcı maddələr ehtiva edən məhsullarla əlaqəli ürək problemləri barədə bildirişlərin təxminən 45 faizi 18-34 yaş qrupuna aid şəxsləri əhatə edib.
Amerika Ürək Assosiasiyasının qiymətləndirməsinə görə, bəzi enerji içkilərində eyni həcmdə dəmlənmiş qəhvə ilə müqayisədə üç dəfəyədək çox kofein ola bilər. Xüsusilə idmandan əvvəl istifadə edilən bəzi stimullaşdırıcı əlavələrdə bu miqdar 12 dəfəni də ötə bilər.
Belə məhsulların birlikdə qəbulu qısa müddət ərzində orqanizmə yüksək miqdarda kofein daxil olmasına səbəb ola bilər.
Tədqiqatçılar intensiv fiziki məşqdən əvvəl enerji içkilərindən istifadə, onların alkoqolla birlikdə qəbulu və əvvəllər aşkar edilməmiş ürək xəstəliklərinin mümkün təsirlərinin ayrıca araşdırılmalı olduğunu bildiriblər.
Amerika Ürək Assosiasiyasının 2026-cı ildə dərc etdiyi elmi qiymətləndirmədə isə sağlam yetkinlərin əksəriyyəti üçün gündəlik 400 milliqrama qədər kofein qəbulunun, ümumilikdə, təhlükəsiz hesab edildiyi qeyd olunur.Musavat.com





















