Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə “İlanlı qız” kimi tanınan tiktoker-müğənni Günəş saxlanılıb. Onun paylaşdığı görüntülər və davranışları ilə bağlı araşdırma aparılıb. Araşdırmalar çərçivəsində o, müayinədən keçirilməsi və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə psixiatriya xəstəxanalarından birinə yerləşdirilib.
Bu əmələ görə belə ağır cəza verilə bilərmi?
Korrekt.az bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan vəkil Ramil Süleymanov deyib ki, bu, yeni qərara əsasən mümkündür:
“Son qanunvericilik dəyişikliklərinə əsasən, əgər şəxsin davranışları həm özünün, həm də ətrafdakı insanların həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, həmin şəxsin ərazi polis orqanının müstəntiqi və ya təhqiqatçısının, yaxud şəhər və ya rayon prokurorunun əsaslandırılmış qərarı əsasında aidiyyəti üzrə psixiatriya müəssisəsinə məcburi yerləşdirilməsi mümkündür. Hesab edirəm ki, bu norma müəyyən hallarda sui-istifadə riskləri yarada bilər”.
Konkret hadisəyə gəldikdə isə, vəkil qeyd edib ki, xanımı tanımır və onun fəaliyyəti barədə hər hansı məlumatı yoxdur:
“Buna görə də işin mahiyyəti ilə bağlı fikir bildirmək istəmirəm. Ancaq hüquqi baxımdan qeyd etmək lazımdır ki, qeyri-könüllü psixiatrik müayinə və ya psixiatriya müəssisəsinə yerləşdirmə artıq qanunvericilikdə nəzərdə tutulmuş prosedurdur. Belə hallarda şəxsin hüquqlarının müdafiəsi xüsusi əhəmiyyət daşıyır. Çünki qeyri-könüllü qaydada psixiatriya müəssisəsinə yerləşdirilmə onun fundamental hüquq və azadlıqlarına birbaşa təsir edir. Buna görə də həmin şəxs mütləq hüquqi yardımla təmin edilməli, vəkilinin iştirakı təmin olunmalıdır. Hesab edirəm ki, vəkili bu qərardan məhkəməyə şikayət verməli və qərarın məhkəmə nəzarəti qaydasında qanuniliyi mübahisələndirilməlidir”.

Ramil Süleymanov
R.Süleymanov onu da əlavə edib ki, hazırda şəxsin cəzalandırılmasından söhbət getmir:
“Çünki cəza yalnız cinayət məsuliyyəti çərçivəsində tətbiq olunan hüquqi tədbirdir. Bu halda isə şəxs barəsində “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi psixiatrik müayinə və ya müvəqqəti yerləşdirilmə tədbiri tətbiq edilib. Bu qərar məhkəmə qaydasında mübahisələndirilə bilər və mübahisələndirilməlidir. Eyni zamanda, məhkəmə-psixiatriya ekspertizasının rəyi də mütləq şəkildə alınmalıdır. Əgər araşdırma nəticəsində şəxsin qanunsuz olaraq məcburi müayinəyə cəlb edildiyi və ya psixiatriya müəssisəsinə qanunsuz yerləşdirildiyi müəyyən olunarsa, ona dəymiş maddi və mənəvi zərərin qanunvericiliyə uyğun qaydada ödənilməsi məsələsi də gündəmə gələ bilər”.

Tiktoker-müğənni Günəş
Qeyd edək ki, sözügedən şəxsin sosial şəbəkələrdə paylaşdığı görüntülər son dövrlər geniş ictimai müzakirələrə səbəb olub. Bir sıra sosial media istifadəçiləri onun nümayiş etdirdiyi qeyri-adekvat hərəkətləri, eləcə də açıq-saçıq geyimlərlə paylaşdığı və qeyri-əxlaqi hesab etdikləri davranışları tənqid edərək narazılıqlarını ifadə ediblər.





















