Amerika Birləşmiş Ştatlarının yüksək ranqlı rəsmiləri Cənubi Qafqaz ölkələrində səfərdədir. Dünən ABŞ Dövlət Departamentinin baş müşaviri Conatan Askonas Gürcüstanın “Tramp marşrutu”na (Zəngəzur dəhlizi) dəstəyini müzakirə etmək üçün Tbilisiyə gəlib. Askonas Gürcüstan Xarici İşlər Nazirliyinin, hökumətinin nümayəndələri, həmçinin beynəlxalq maliyyə təşkilatlarının təmsilçiləri ilə də görüşüb. ABŞ dövlət katibinin müavini Elison Huker isə ötən gün Ermənistanda olub. Diplomat İrəvanda Baş nazir, xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi və Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə ilə görüşüb. O, İrəvanda “Tramp yolu” və Ermənistan-Türkiyə münasibətlərini müzakirə edib. İlk görüş Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla olub. Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən enerji, infrastruktur, süni intellekt və investisiyaların stimullaşdırılması sahələrində əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını vurğulayıblar. Ararat Mirzoyan ABŞ-nin davamlı sülhün möhkəmləndirilməsində daimi iştirakını məmnunluqla qeyd edib. Xatırladaq ki, ABŞ rəsmilərinin Azərbaycana səfəri də planlaşdırılır. Ümumiyyətlə, diplomatların regiona səfəri noyabrın 15-dən 21-dək davam edəcək.
Millət vəkili Nəsib Məhəməliyev Sherg.az-a deyib ki, ABŞ rəsmilərinin bölgəyə səfəri, xüsusən dövlət katibinin müavini Elison Hukerin Ermənistana gəlişi Vaşinqton-İrəvan münasibətləri ilə əlaqədardır. Deputat bildirib ki, 8 avqust Vaşinqton görüşündə üçtərəfli bəyannamədən əlavə Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ Prezidenti D.Tramp arasında görüş olub:
“Konkret regional məsələlərlə bağlı strateji xətt müəyyənləşdirilib. İndiki vəziyyətdə ABŞ-nin əsas strateji məqsədləri Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirmək, həmin bölgədə olan nadir ehtiyatların, təbii sərvətlərin, uranın daşınmasına nail olmaqdır. Təbii ki, bu məsələdə logistika problemlərinin həlli Azərbaycanla, Zəngəzur dəhlizi ilə bağlıdır. Məlumdur ki, Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər yekunlaşmaq üzrədir. Ancaq Ermənistan ərazisində işlər arzuolunan səviyyədə getmir. Düzdür, ABŞ dəhlizin Ermənistandan keçən hissəsinin maliyyəsini öz boynuna götürüb. İlkin variantda 140 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur. Huker Ermənistana səfər etməklə, rəsmilərlə görüşməklə yerində görülən işlərlə tanış olur və görüləcək işlərlə bağlı Ağ Evi məlumatlandırır”.
Parlament üzvü vurğulayıb ki, ABŞ çalışır ki, Ermənistanla Türkiyə arasında ilk növbədə kommunikasiyalar açılsın:
“Kommunikasiyaların açılması regiona sülh gətirəcək. Davamlı sülhün əldə olunması gələcək əməkdaşlıq üçün zəmin yaradır. ABŞ indiki halda gözəl anlayır ki, Orta Dəhlizə alternativ yoxdur. Rusiya və İrandan keçən yollar bağlıdır, konkret olaraq ABŞ-nin sanksiyaları altındadır. Yeganə yol Azərbaycandan keçən Orta Dəhlizin inkişaf etdirilməsidir. ABŞ də bunun üzərində çalışır. Amerikanın iqtisadi maraqları sülhün əldə olunmasından keçir. Amma Ermənistan-Türkiyə münasibətlərində Azərbaycan faktorunu nəzərə almaq lazımdır. Dəfələrlə şahidi olmuşuq ki, Türkiyə rəhbərliyi və digər rəsmilər bildiriblər ki, Ermənistanla sərhədlərin açılması, hərtərəfli əməkdaşlığın başlaması Azərbaycanla sülhün əldə olunmasından asılıdır. 2026-cı ilin iyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Seçkilərdən sonra hərtərəfli əməkdaşlığa start verilə bilər”.
N.Məhəməliyev əlavə edib ki, ABŞ rəsmisinin Azərbaycana gözlənilən səfəri də Zəngəzur dəhlizi və digər məsələlərlə bağlıdır:
“Regionun bütövlükdə geosiyasi kontekstdə Rusiyanın nəzarətindən çıxması məsələsi gündəmdədir. Sirr deyil ki, ABŞ Rusiya ilə geosiyasi mübarizədədir. Vaşintqon indiki halda Rusiyanın Cənubi Qafqazdan tamamilə çıxarılmasına çalışır. ABŞ rəsmisinin Ermənistan və Azərbaycan rəsmiləri ilə görüşlərində bu məsələlər kompleks şəkildə müzakirə oluna bilər. Burada qeyri-adi nəsə yoxdur”.






















