image-1backend

Milyonluq torpaq mübahisəsi bitdi – Vəkil qərarı təqdir edir, amma…

image-ads-728x90

Bakı Apelyasiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə Bakının mərkəzində, Neftçilər prospektində yerləşən torpaq sahəsi və qeyri-yaşayış obyektinin saxta sənədlərlə ələ keçirilməsi, sökülməsi və sonradan üçüncü şəxslərə dövr edilməsi ilə bağlı məhkəmə çəkişməsi yekunlaşıb. İllərdir davam edən, Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) qədər gedib çıxan və nəhayət Azərbaycan Ali Məhkəməsinin Plenumu tərəfindən yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılan milyonluq mülkiyyət mübahisəsinin şok təfərrüatları məlum olub.

Korrekt.az xəbər verir ki, məhkəmə sənədlərində qeyd olunur ki, iddiaçı Aygün Aydın qızı Mahmudovaya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 60 ünvanındakı 172.5 kv.m qeyri-yaşayış sahəsi və onun yerləşdiyi 419 kv.m (0.0419 ha) torpaq sahəsi 2008-ci ildə saxta etibarnamə əsasında “Gilan” MMC-yə satılıb. İddiaçı tərəfin bildirdiyinə görə, 2007-2008-ci illərdə şirkət nümayəndələri obyektin alınması üçün 1.5 milyon manat təklif edib və razılıq əsasında ilkin sənədlər alınıb. Lakin sonradan iddiaçının xəbəri və iradəsi olmadan Aida Bayramova adlı şəxsin adına guya verilmiş saxta etibarnamə ilə obyekti cəmi 150 min manat dəyərində göstərərək alqı-satqı müqaviləsi bağlayıblar.

Obyekt saxta etibarnamə ilə MMC-nin adına keçirildikdən az sonra, 18 may 2009-cu ildə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Neftçilər prospekti 60 və 62 ünvanlarında 2.19 ha torpaq sahəsində “Aypara sarayı və şəhərciyi” tikintisinin layihələndirilməsi üçün “Gilan” MMC-yə icazə verilib və vətəndaşın obyekti sökülüb.

2010-cu ildən başlayan məhkəmə çəkişmələrində yerli məhkəmələr – Nəsimi Rayon və Bakı Apelyasiya məhkəmələri alqı-satqı müqaviləsini və saxta etibarnaməni etibarsız hesab etsələr də, obyektin artıq söküldüyünü və yerində başqa layihə icra edildiyini əsas gətirərək mülkiyyətin bərpa olunması və ya dəymiş zərər-kompensasiya ödənilməsi tələblərini rədd etmişdilər.

Hüquqları yerli məhkəmələrdə təmin olunmayan Aygün Mahmudova Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. AİHM 18 yanvar 2024-cü il tarixli qərarı ilə Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) və 1 saylı Protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozulduğunu tanıyıb. AİHM qeyd edib ki, yerli məhkəmələr müqaviləni saxta hesab edib ləğv etsələr də, vətəndaşı həm mülkiyyətindən məhrum edib, həm də ona heç bir kompensasiya verilməməsini saxlamaqla açıq haqsızlığa yol veriblər.

Ali Məhkəmə: Uşaqla ünsiyyətə icazə verməyən valideyndən mənəvi zərər tutula bilər

AİHM-in qərarından sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 09 oktyabr 2024-cü il tarixli qərarı ilə əvvəlki məhkəmə qərarlarını ləğv edərək işi yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərib. Ali Məhkəmənin Plenumu açıq şəkildə vurğulayıb ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız sayıldıqda tərəflər ilkin vəziyyətə qaytarılmalıdır. Əgər mülkiyyəti eyni ilə qaytarmaq (söküldüyü üçün) mümkün deyilsə, onun real bazar dəyəri pul şəklində iddiaçıya ödənilməlidir.

Bakı Apelyasiya Məhkəməsində reallaşan ikinci icraat çərçivəsində rəsmi arxiv məlumatları və qiymətləndirmə ekspertizası aparılıb. “Qiymətləndirmə və Consulting Mərkəzi” MMC-nin 23 iyul 2025-ci il tarixli ekspert rəyinə görə, sözügedən əmlakın bazar dəyəri illər üzrə necə dəyişməsi müəyyən olunub. Bakı Apelyasiya Məhkəməsi saxta əqd nəticəsində vətəndaşa vurulmuş milyonluq zərərin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi, eləcə də hüquqi cavabdehlik məsələlərinə dair yekun qərar çıxarıb.

İddiaçı Aygün Mahmudovanın hüquqlarını müdafiə edən vəkil Cavanşir Süleymanov Musavat.com-a açıqlamasında illərdir uzanan və məhkəmə labirintlərinə salınan bu mürəkkəb iş üzrə hakim Fərrux Qasımovun mövqeyini yüksək qiymətləndirib. Vəkil bildirib ki, hakimin işin obyektiv hallarına vararaq nəhayətdə hüququn aliliyini təmin etməsi və saxtakarlığa hüquqi qiymət verərək qanuna uyğun qərar çıxarması təqdirəlayiqdir: “Hakim Fərrux Qasımov illərdir davam edən, Avropa Məhkəməsi və Ali Məhkəmənin Plenum səviyyəsində qaldırılan bu mübahisəyə son qoyaraq prinsipiallıq nümayiş etdirdi və hüquqa, qanuna uyğun qərar qəbul etdi. İşin mahiyyəti, alqı-satqının saxta etibarnamə ilə həyata keçirilməsi və vətəndaşın mülkiyyət hüququnun tapdanması faktı üzrə hakimin sərgilədiyi ədalətli mövqe təqdirəlayiqdir”.

Lakin o, məhkəmə qərarının iddiaçının mülki iddiası – kompensasiya məbləği ilə bağlı hissəsindən narazı olduqlarını vurğulayıb. Vəkilin sözlərinə görə, təyin edilmiş kompensasiya məbləği real bazar dəyərindən və vurulmuş faktiki zərərdən qat-qat aşağıdır: “Hakim Fərrux Qasımovun qanunçuluğun bərpası yönündəki prinsipial addımını təqdir etsək də, məhkəmənin müəyyən etdiyi kompensasiya məbləği ilə razılaşmaq mümkün deyil. Bakının ən prestijli ərazisində – Neftçilər prospektində yerləşən milyonlarla manatdan artıq dəyəri olan mülk və torpaq sahəsi qarşılığında kəsilən təzminat məbləği həddindən artıq azdır və vətəndaşa vurulmuş maddi zərərin tam əvəzini ödəmir. Məhkəmənin ədalətli qərar çıxarmasına baxmayaraq, məhz kompensasiya həcminin uyğunsuzluğu hissəsindən kasasiya şikayəti verərək hüquqlarımızı sonadək müdafiə edəcəyik”.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki