image-1backend

“Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam…”

image-ads-728x90

Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin 800 minlik yeyintidə ittiham olunan sabiq rəisi Mehdi Əmrahovun məhkəmə araşdırması davam edir.

Korrekt.az-ın  məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclas təqsirləndirilən şəxsin ifadəsi ilə başlayıb.

Əmrahov əvvəlki prosesdə olduğu kimi verilmiş ittihamla razılaşmadığını təkrarlayıb, özünü sadəcə düzgün idarəçilik etməməkdə günahlandırıb. 20 il idarə rəisi işləmiş müttəhim deyir ki, tabeliyində 54 nəfər işçi olub. Amma işlədikləri binada təmir getdiyi üçün 2 il əməkdaşlar onlayn qaydada evdən çalışıblar. İttihamda göstərilən cinayət hadisəsi də həmin dövrə aiddir: “Mən insan təlafatının qarşısını almaq üçün bu addımı atmışdım. Çünki binanın üzü tam sökülmüşdü. Kiminsə başına daş düşə bilərdi, ağır hadisələr olardı. Düzdür, əməkdaşların onlayn işə keçməsi üçün nazirin qərarı yox idi. Buna baxmayaraq, müşavir Rüfət Hacıəlibəyov (ötən ay səhiyyə nazirinin müavini təyin edilib-red) məsələdən xəbərdar idi, demişdi narahat olmayın, nazirlə danışacağam”.

Təqsirləndirilən şəxsin son cümləsi prokuror Valeh Ələkbərovda sual yaradıb. Prokuror Rüfət Hacıəlibəyovun əməkdaşların onlayn işləməyinə icazə verməsini iş materiallarında yazılanlarla ziddiyyət təşkil etdiyini deyib. O, “Rüfət Hacıəlibəyov icazə vermişdisə, bəs niyə sonradan sizi elə o yoxlayıb?!”, – deyə ritorik sual verib.

Fotoda: Rüfət Hacıəlibəyov

Prokuroru maraqlandıran əsas məsələ isə Əmrahovun özünü təqsirli bilmədiyi halda vurulmuş ziyandan niyə 30 min manat ödəməsidir? Təqsirləndirilən şəxs bunun səbəbini ancaq həbs edilmək istəməməsi ilə əlaqələndirib: “Müstəntiq dedi ki, ödəmirsə konvoyu çağırın, getsin içəri… Buna görə məcbur qalıb ödəniş elədim, yoxsa mən dəliyəm, pul verim?”

Əmrahov əsasən işə gəlməyən şəxslərin adına yazılan əmək haqlarının ələ keçirilməsinə görə mühakimə edilir. İstintaq materiallarında yazılıb ki, işçilərdən çoxunun pulunu Kadrlar şöbəsinin əməkdaşı Yeganə Eyvazova evinin yanındakı bankomatdan çıxararaq ona çatdırıb. Yeganə özü də bu gün şahid qismində ifadə verib, deyilənləri təsdiqləyib. Xanım şahid sadəcə işini itirməmək üçün bu addımı atdığını etiraf edib. Digər şahidlər dindirilmədiyi üçün Yeganənin ifadəsinin davamını təqdim etmirik.

Bu iş üzrə adı keçən şəxslərdən biri də Əmrahovun rəhbərlik etdiyi idarənin mühasibatlığında çalışan Arifdir. Arif tenderlərdə qalib gələn şirkətlərdən köçürülən pulları idarə rəisinə çatdırıb. İstintaq materiallarında yazılanlardan görünən odur ki, o, şirkətdə mühüm rol oynayıb. Amma müttəhim bununla da razılaşmayıb, Arifin sadəcə baş mühasibə tender işlərində kömək etdiyini deyib. Onun sözlərinə görə, baş mühasibin tender işlərindən başı çıxmırmış.

Fotoda: Valeh Ələkbərov

Əmrahovun bu sözü həm hakimləri, həm də ittiham tərəfini təəcübləndirib: “Necə yəni mühasib tenderi bilmirdi, elə şey olar? Mühasibin elə ən yaxşı bildiyi iş tenderlə bağlıdır”.

Bu günə qədər daha rahat və ittihamı təbii qarşılayan təqsirləndirilən şəxs prosesin sonunda özündən çıxıb. O, cinayət məsuliyyətinə cəlb edilməsinə şərait yaradanların olduğuna işarə edərək lazım gəlsə, hər şeyi danışacağını deyib: “Bakı şəhərindəki bütün təcili yardım avtomobilləri dəyişdi. Bunun təşəbbüskarı mənəm. Bundan əlavə, onkoloji xəstəliklər və şəkərli diabet xəstəlikləri ilə bağlı layihənin rəhbəri də mən olmuşam. Səhiyyə naziri Teymur Musayev həmin layihələrə görə mənə təşəkkür edib. Bunlar niyə deyilmir? İndi qatil, cani olmuşam. Bilin ki, bu gün Səhiyyə Nazirliyi ayaqdadırsa, nə isə…”.

Bundan sonra proses başa çatıb. Hakimlər məzuniyyətə getdiyindən növbəti iclas sentyabrın 21-i olacaq.

Qeyd edək ki, M.Əmrahov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, ibtidai istintaq boyu azadlıqda olub. Lakin ilk məhkəmə iclasında dövlətə dəymiş ziyanın hələ də ödənilmədiyi müəyyən edildikdən sonra hakim öz təşəbbüsü ilə onun həbs edilməsinə qərar verib.“Qafqazinfo”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki