İran Prezidenti Məsud Pezeşkian Hörmüz boğazı ilə bağlı sərt bəyanatlar verib.
Korrekt.az xəbər verir ki, Pezeşkianın dediyinə görə, ABŞ, İsrail və onları dəstəkləyən ölkələrin gəmiləri “artıq İran üçün həyati əhəmiyyətli su yolu olan Hörmüz boğazından keçə bilməz”.
Prezident ABŞ və İsraili dəstəkləyən ölkələri də hədələyib: “Əgər kimsə, hər hansı bir bəhanə ilə ABŞ və İsrailin İrana qarşı hücumlarına qoşularsa, bu ölkələr üçün nəticələr son dərəcə təhlükəli və dəhşətli olacaq. İran buna ən sərt şəkildə cavab verəcək”.
Bu arada müxalif “İran İnternational” kanalı İranda hökumət və hərbi komandirlər arasında gərginliyin artması fonunda Məsud Pezeşkianın “tam siyasi dalana” dirəndiyini iddia edib. Qeyd olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pezeşkianın təyinatlarına, qərarlarına müqavimət göstərir və ölkənin icra hakimiyyətini hökumətin nəzarətindən faktiki olaraq çıxarıb.
Mənbənin məlumatına görə, Prezidentin İran Kəşfiyyat naziri vəzifəsinə namizəd irəli sürmək cəhdləri SEPAH tərəfindən bloklanıb. Xüsusilə, yüksək vəzifəli təhlükəsizlik rəsmilərinin birbaşa təzyiqi altında Hüseyn Dehqan da daxil olmaqla, təklif olunan bütün namizədlər rədd edilib.
Bildirilir ki, Pezeşkian son günlərdə dəfələrlə Ali Rəhbər Müctəba Xamenei ilə təcili görüş tələb edib, lakin bütün bu tələblər cavabsız qalıb və heç bir görüş, yaxud əlaqə baş tutmayıb.“AzPolitika.info”





















