İran Prezidenti Məsud Pezeşkian ölkəsinin qonşu dövlətlərlə münasibətlərindən danışarkən Azərbaycanla əməkdaşlığa xüsusi diqqət çəkib.
Korrekt.az xəbər verir ki, Pezeşkianın sözlərinə görə, İran, ABŞ və İsrail arasında baş verən müharibə zamanı Tehranla Bakı arasında müəyyən problemlər yaranıb. O bildirib ki, həmin dövrdə Azərbaycan bəzi marşrutları bağlayıb, həmçinin İran banklarından birinin fəaliyyəti dayandırılıb.
İran prezidenti qeyd edib ki, aparılan danışıqlar nəticəsində yaranmış problemlərin həllinə nail olunub və iki ölkə arasında dialoq davam etdirilib.
“Bəzi siyasi məsələlərə baxmayaraq, Azərbaycanla dialoq və əməkdaşlıq davam edir”, – deyə Pezeşkian bildirib.
Onun sözlərinə görə, Tehran Bakı ilə əlaqə saxlayaraq yaranan məsələlərin həlli istiqamətində danışıqlar aparıb. Nəticədə Azərbaycan İrana, o cümlədən marşrutlarla bağlı məsələlərin həllində lazımi dəstəyi göstərib.
“Onlar bizi müşayiət etdilər və lazım olan hər şeydə dəstək verdilər”, – İran prezidenti vurğulayıb.
Pezeşkian həmçinin bildirib ki, müharibədən sonra İranın qonşu ölkələrlə münasibətlərində ümumilikdə müsbət irəliləyiş müşahidə olunur. O, Pakistan, Əfqanıstan və Türkmənistanın İrana dəstək verdiyini, Rusiya və İraqın da Tehranla əməkdaşlıq etdiyini qeyd edib.
İran prezidenti mövcud siyasi fikir ayrılıqlarına baxmayaraq, Azərbaycanla əməkdaşlığın davam etdiyini vurğulayıb.





















