Dünən İran prezidenti Məsud Pezeşkian çıxışı zamanı ölkənin inkişaf potensialından danışıb.
Korrekt.az xəbər verir ki, Pezeşkian bildirib ki, İran xalqı zəka və motivasiya baxımından dünyanın digər xalqlarından geri qalmır və ölkə elə bir səviyyəyə yüksələ bilər ki, başqaları ondan nümunə götürsün.
“Biz dünyanın heç bir xalqından aşağı, daha az ağıllı və ya daha az motivasiyalı deyilik. Elə bir mövqeyə çata bilərik ki, başqaları bizdən öyrənsin. Bununla yanaşı, dünyanın müxtəlif ölkələrindəki uğurlu təcrübələrdən faydalanmaq da zəruri və dəyərlidir”, – deyə o vurğulayıb.
Prezident ölkə vətəndaşlarına layiqli xidmət göstərə bilməməyin və onların problemlərini həll etməməyin qəbuledilməz olduğunu bildirib.
Pezeşkianın sözlərinə görə, cəmiyyətdə mövcud olan inam, motivasiya və özünə güvən sayəsində İran xalqının problemlərini həll etmək mümkündür.





















