Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a son səfəri Vaşinqtonda Ukraynaya münasibətin müsbət istiqamətdə dəyişməsinə səbəb olub.
Korrekt.az xəbər verir ki, bu barədə Politico nəşri Ukrayna lideri ilə qapalı görüşdə iştirak edən amerikalı senatorlara istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, senatorlar Zelenskinin ABŞ Konqresi üzvlərini Ukraynanın Rusiya ilə müharibədə uğur qazana biləcəyinə inandıra bildiyini bildiriblər. Onların sözlərinə görə, görüş zamanı əsas müzakirə mövzuları Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi, Ukraynaya hərbi yardımın artırılması və sülh danışıqlarının perspektivləri olub.
Senator Mayk Raunds qeyd edib ki, Zelenski yeni sanksiyaların Ukraynanın döyüş meydanındakı mövqeyini gücləndirəcəyini və Rusiya Prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa məcbur edə biləcəyini bildirib. Raundsun sözlərinə görə, bütün strategiya Rusiyanı danışıqlara sövq etməyə hesablanıb.
Görüşdə Ukrayna Prezidenti hərbi dəstəyin genişləndirilməsinin vacibliyini də vurğulayıb. O, xüsusilə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlərin istehsalına lisenziyaların verilməsi, PAC-3 raketlərinin tədarükünün artırılması və “Starlink” peyk rabitəsinə fasiləsiz çıxışın təmin edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Senator Con Buzman isə Vaşinqtonda əhval-ruhiyyənin dəyişməsini Ukrayna Silahlı Qüvvələrinin cəbhədə əldə etdiyi son uğurlarla əlaqələndirib.
Politico yazır ki, ABŞ Konqresində Rusiya neftini alan ölkələrə qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinə dəstək artır. Bununla belə, sənəd hələ qanunvericilik prosedurlarını tam başa vurmayıb və Ağ Evin yekun mövqeyi hələ də açıqlanmayıb.
Nəşr qeyd edir ki, Kiyevlə Vaşinqton arasında münasibətlərdə müsbət dinamika müşahidə olunsa da, qanun layihəsinin Nümayəndələr Palatasında müzakirə olunması zərurəti onun qəbulunu bir qədər gecikdirə bilər.
Qeyd edək ki, ABŞ Rusiyaya qarşı sanksiyaların əsas təşəbbüskarlarından biridir. İlk məhdudiyyətlər 2014-cü ildə Krımın işğalından sonra tətbiq edilib, 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra isə sanksiyalar daha da genişləndirilib. Hazırda ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlər Rusiyanın bank sektorunu, müdafiə sənayesini, iri dövlət şirkətlərini, yüksəkvəzifəli şəxsləri və oliqarxları əhatə edir.




















