“Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Vladimir Putin uzun müddət xarici səfərlərdən çəkinirdi. Lakin son aylarda onun beynəlxalq aktivliyi artıb: Çin və Mərkəzi Asiya ölkələrindən sonra bu dəfə Hindistana yollanıb”.
Korrekt.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.
Politoloqun sözlərinə görə, Putinin Dehliyə iki günlük səfərinin başlıca məqsədi Hindistanla hərbi-texniki və enerji əməkdaşlığının yeni konturlarını müəyyənləşdirməkdir. Lakin onun buna nail olması asan deyil.
Elxan Şahinoğlu qeyd edir ki, Vaşinqton Dehliyə təzyiqi artırır və məqsəd Hindistanın Rusiyadan hərbi texnika və neft alışını minimuma endirməkdir.
“Baş nazir Narendra Modi isə Rusiya ilə ABŞ arasında balansı qorumağa məcburdur. Dehli Ukraynanın ərazi bütövlüyünü dəstəkləsə də, vasitəçilik təşəbbüslərindən yayınır. Politoloqun fikrincə, Hindistan anlayır ki, Moskva belə təşəbbüsləri qəbul etməyəcək. Putin səfər zamanı Hindistanı əməkdaşlığı genişləndirməyə inandırmağa çalışacaq. Hindistan son dövrlərə qədər Rusiyadan ucuz neft alırdı, lakin ABŞ-ın Rusiya neft şirkətlərinə qarşı sanksiyaları sərtləşdirdikdən sonra Dehlinin neftayırma zavodları əvvəlki kimi ərəb ölkələrinə üz tutmağa başlayıb.”- deyə politoloq qeyd edib.
Elxan Şahinoğlu hesab edir ki, bununla belə, Hindistan hərbi-texniki sahədə Rusiyadan tam imtina etmək niyyətində deyil.
“2018-ci ildə imzalanmış sazişə əsasən, Rusiya Hindistanı S-400 kompleksləri ilə təchiz etməlidir və artıq üç kompleks təhvil verilib. Bundan əlavə, Moskva Dehliyə Su-57 döyüş təyyarələrinin satışını da təklif edib. Rusiya Hindistanla nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirməyə çalışır. Putin səfər ərəfəsində “India Today”ə müsahibəsində “Rusiya–Hindistan əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib” deyərək ABŞ-a, Çinə və Pakistana mesaj göndərib. Çünki əldə edilə biləcək razılaşmalar bu üç paytaxt tərəfindən diqqətlə izlənəcək. Bundan başqa, Putin Vaşinqtonun enerji əməkdaşlığına mane olmasına cavab olaraq bildirib: “ABŞ özü atom elektrik stansiyaları üçün Rusiyadan nüvə yanacağı alır”. Politoloqun sözlərinə görə, bunun ABŞ Prezidenti Donald Trampa təsiri yoxdur, çünki Trampın prioriteti “Amerika birincidir” siyasətidir.”- deyə politoloq qeyd edib.
Elxan Şahinoğlu vurğulayıb ki, bütün bu reallıqlara baxmayaraq, Hindistan nə Rusiyayla, nə də ABŞ-la münasibətlərdə balansı pozmaq niyyətində deyil.





















