Türkiyənin Ankara Baş Prokurorluğu Türkiyə İşçi Partiyasının (TİP) İstanbuldan olan millət vəkili Saliha Sera Kadıgil barəsində istintaq başladıb.
Korret.az xəbər verir ki, deputat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etmək və hədələmək ittihamı ilə araşdırılır. İstintaqın başlanmasına səbəb Kadıgilin iyulun 31-də İzmirdə keçirilən mitinqdə səsləndirdiyi fikirlər olub.
Ankara Baş Prokurorluğunun açıqlamasında bildirilib ki, mitinq zamanı səsləndirilən ifadələr əsasında cinayət təqibi prokurorluğun öz təşəbbüsü ilə başladılıb.
Bildirilir ki, Saliha Sera Kadıgil çıxışında “Rəcəb Tayyib Ərdoğandan qurtulmaq bizim ən böyük və ən vacib prioritetimizdir. And içirəm ki, buna nail olacağıq. Söz verirəm ki, buna nail olacağıq. Buna heç kimin şübhəsi olmasın” ifadələrini işlədib.
Hadisə ilə bağlı araşdırma davam edir.





















