ABŞ-nin Cefferson Sağlamlıq və Oksner MD Anderson Xərçəng Mərkəzinin tədqiqatçıları 2021-ci ilin yanvarından 2026-cı ilin yanvarınadək toplanmış məlumatları təhlil ediblər.
Korrekt.az xəbər verir ki, araşdırmada 18-50 yaş aralığında olan 19 milyon insanın sağlamlıq göstəriciləri qiymətləndirilib.
Onlardan 413 mindən çoxuna yuxusuzluq diaqnozu qoyulduğu bildirilib. Nəticələr göstərib ki, yuxusuzluq diaqnozu qoyulan qadınlarda növbəti 5 il ərzində süd vəzi xərçəngi diaqnozu 3 dəfəyə qədər yüksək olub. Araşdırmada yuxusuzluqdan əziyyət çəkən qadınlarda uşaqlıq boynu xərçəngi riskinin təxminən iki dəfə, yumurtalıq xərçəngi riskinin isə 57 faiz daha yüksək olduğu müəyyən edilib. Hər üç xərçəng növünün hormonlarla əlaqəli olması tədqiqatçıları yuxu pozuntuları ilə hormonal siqnallar arasındakı mümkün əlaqəyə diqqət yetirməyə sövq edib.
Kişilərdə isə hormonlarla əlaqəli xərçəng növləri baxımından oxşar nəticələr əldə olunmayıb.
Araşdırma yalnız qadınlara xas xərçəng növləri ilə məhdudlaşmayıb. Məlum olub ki, yuxusuzluq yaşayan insanlarda bağırsaq xərçənginə tutulma ehtimalı da təxminən iki dəfə yüksəkdir.
Yuxusuzluğun daha əvvəl də 2-ci tip diabet, piylənmə, yüksək qan təzyiqi və depressiya ilə əlaqəli olduğu məlum idi. Yeni araşdırma isə yuxu pozuntularının erkən yaşlarda rast gəlinən bəzi xərçəng növləri ilə də əlaqəsinin daha dərindən öyrənilməsinin vacibliyini ortaya qoyur.
Tədqiqatçılar bildirirlər ki, yuxusuzluq orqanizmin bioloji saatını poza bilər. Bu isə immun sisteminə, hormonal siqnallara və hüceyrələrin bərpa mexanizmlərinə təsir göstərə bilər. Bundan əlavə, yuxusuzluq yaşayan insanlarda iştahın artması, fiziki aktivliyin azalması və çəkiyə nəzarətin çətinləşməsi müşahidə oluna bilər. Piylənmə isə hormonlarla əlaqəli bəzi xərçəng növləri üçün artıq tanınmış risk faktorlarından biridir.
Mütəxəssislərin fikrincə, xərçəng riskini azaltmaq üçün müntəzəm fiziki aktivlik, alkoqol istifadəsinin məhdudlaşdırılması, orqanizmdə baş verən dəyişikliklərə diqqət yetirilməsi və profilaktik müayinələrin vaxtında aparılması ən vacib addımlar olaraq qalır.Musavat.com





















