image-1backend

“Qalatasaray”ın kabusu, “Fənərbağça”nın xilaskarı – Türkiyə futbolunun son imperatoru geri döndü

image-ads-728x90

Türkiyə futbolunda bəzən elə simalar olur ki, onların adı sadəcə klub rəhbəri kimi deyil, bütöv bir dövrün rəmzi kimi xatırlanır. “Fənərbağça” üçün bu adlardan ən böyüyü, bəlkə də birincisi Əziz Yıldırımdır. O, milyonlarla azarkeşin gözündə klubun mübarizə ruhunu, inadını və iddialarını təcəssüm etdirən bir şəxsiyyətdir.

8 illik fasilədən sonra Əziz Yıldırım dünən baş tutan seçkilərlə rəqibi Hakan Safı əzici üstünlüklə udaraq, yenidən “Fənərbağça”nın sükanı arxasına qayıdıb. Onun qayıdışı futbol camiəsində böyük müzakirələrə yol açıb. Əziz Yıldırımın geri dönüşü sıradan idarəçi dəyişikliyi kimi qəbul edilmir. Çünki o, “Fənərbağça”nın son böyük uğurlarının memarı, “Qalatasaray” azarkeşlərinin illərlə qorxulu röyasına çevrilən, rəqiblərə lazım gələndə meydanda da, tribunada da, idarəçilik masasında da barmaq silkələməyi bacaran bir fiqurdur. Onun dövründə “Fənərbağça” sadəcə çempionluqlar qazanmırdı, həm də Türkiyə futbolunun güc balansını dəyişdirirdi. “Sarı-lacivərdlilər” hər mövsüm titulun əsas namizədi olur, rəqiblər isə mövsümə Əziz Yıldırımın qurduğu komandanı necə dayandırmaq barədə düşünərək başlayırdılar.

WhatsApp Image 2026-06-08 at 13.46.03.jpeg (33 KB)

Hazırda Yıldırımın qarşısında olduqca çətin vəzifə dayanır. 13 ildir Türkiyə çempionluğunu qazana bilməyən “Sarı Kanarya”nı yenidən zirvəyə daşımaq…

Bu qayıdış sıradan hadisə deyil. Çünki söhbət klub tarixində ən uzun müddət prezidentlik etmiş, ən çox çempionluq qazandırmış və “Fənərbağça”nı Avropada ən yüksək nöqtələrə çıxarmış şəxsdən gedir. Onun rəhbərliyi dövründə “Fənərbağça” 6 dəfə Türkiyə çempionu olub, UEFA Çempionlar Liqasında dörddəbir finala yüksəlib, UEFA Avropa Liqasında isə yarımfinal oynayıb.

Əziz Yıldırımın adı həm də fədakarlıq və mübarizə ilə assosiasiya olunur. 2011-ci ildə Türkiyə futbolunda baş verən “oyun alqı-satqısı” istintaqı çərçivəsində həbs edilən Yıldırım azadlıqdan məhrum edilmişdi. Sonrakı illərdə məhkəmə prosesləri yenidən qiymətləndirildi və iş üzrə əvvəlki qərarlar ləğv edildi. Buna baxmayaraq, o dövrdə verdiyi məşhur “Dar ağacında olsaq belə, son sözümüz “Fənərbağça” olacaq” bəyanatı klub tarixinin ən yaddaqalan ifadələrindən birinə çevrildi.

WhatsApp Image 2026-06-08 at 13.46.03 (1).jpeg (60 KB)

74 yaşına yaxınlaşan, Türkiyə futbolunun ən təcrübəli idarəçilərindən biri sayılan Əziz Yıldırım əvvəlki uğurlarını təkrarlaya biləcəkmi? Yoxsa futbol artıq dəyişib və onun metodları keçmişdə qalıb?

Qarşıdakı bir il həm Yıldırımın şəxsi irsi, həm də “Fənərbağça”nın gələcəyi baxımından həlledici dövr olacaq. Onun əsas üstünlüyü odur ki, Əziz Yıldırım “Fənərbağça”nın DNT-sini hamıdan yaxşı tanıyır. Klubun hansı psixologiya ilə uğur qazandığını, tribunaların nə istədiyini və hansı addımların azarkeşləri yenidən komandanın ətrafında birləşdirəcəyini yaxşı bilir. Amma futbol da artıq əvvəlki futbol deyil. Bu gün oyun təkcə meydanda deyil, maliyyə idarəçiliyində, rəqəmsal marketinqdə, qlobal transfer şəbəkələrində və analitik sistemlərdə də qazanılır. Avropa futbolu son 10-15 ildə tamamilə dəyişib. Bir zamanlar işləyən metodların hamısı bu gün eyni nəticəni verməyə bilər.

Yıldırımın qayıdışı artıq psixoloji üstünlük yaradıb. Türkiyə futbolunda elə fiqurlar var ki, onların adı belə gündəmi dəyişir. Əziz Yıldırım məhz həmin şəxslərdəndir. O, təkcə “Fənərbağça” azarkeşlərinə yox, rəqiblərə də mesaj verir ki, klub artıq əvvəlki kimi passiv mövqedə olmayacaq. Bu amil xüsusilə çempionluq yarışında mühüm rol oynaya bilər. Nəticə etibarilə, Əziz Yıldırımın uğur qazanmaq şansı var və bu şans heç də az deyil. Ancaq bu dəfə onun qarşısında duran rəqib təkcə “Qalatasaray” və ya digər klublar deyil. Onun ən böyük rəqibi dəyişən futbol dünyası, zaman və öz əfsanəsinin yaratdığı böyük gözləntilərdir.

RRRRRRRRRRR.jpeg (29 KB)

Əziz Yıldırımın dosyesini təqdim edirik.

O, 1952-ci ildə Diyarbəkirin Ergani rayonunda anadan olub. 1960–1970-ci illərdə təhsilini Düzcədə alıb, gənclik illərində həvəskar futbol oynayıb. 1970-ci illərin sonunda Ankara Dövlət Mühəndislik və Memarlıq Akademiyasını bitirərək inşaat mühəndisi olub. 1980-1990-cı illərdə tikinti sektorunda fəaliyyət göstərərək Türkiyənin tanınmış iş adamlarından birinə çevrilib. 1990-1992-ci illər aralığında “Fənərbağça” İdarə Heyətində çalışıb, futbol şöbəsinin rəhbəri olub. 15 fevral 1998-ci ildə klub prezidenti seçilib və yeni dövr başlayıb. Düz 20 il “Fənərbağça”ya rəhbərlik edib. Bu müddətdə klub həm maliyyə, həm infrastruktur, həm də idman baxımından böyük inkişaf yolu keçib. 2001, 2004, 2005, 2007, 2011 və 2014-cü illərdə Türkiyə çempionluqları qazanılıb. 2008-ci ildə klub tarixində ilk dəfə UEFA Çempionlar Liqasının dörddəbir finalına yüksəlib. Bundan 5 il sonra UEFA Avropa Liqasının yarımfinalına qədər irəliləyib.

WhatsApp Image 2026-06-08 at 13.46.04.jpeg (48 KB)

2011–2012-ci illərdə həbs həyatı yaşayıb, lakin prezidentlikdən imtina etməyib. Yaşanan məhkəmə prosesi və həbs həyatı onun əfsanəsini daha da böyütdü. 2018-ci ildə isə seçkidə Əli Koça uduzaraq prezidentlikdən ayrıldı. 3 övlad atasıdır.

Yekun olaraq, gedən müzakirələrdən aydın olur ki, Əziz Yıldırımın qarşısında bəlkə də karyerasının ən çətin missiyası dayanır. O, artıq sadəcə prezident deyil, milyonlarla azarkeşin son ümididir. Əgər 13 illik çempionluq həsrətinə son qoya bilsə, adı “Fənərbağça” tarixində əfsanədən də yuxarı bir yerə yazılacaq. İstənilən halda Türkiyə futbolunun növbəti bir ili məhz Əziz Yıldırımın taleyi və qərarları ətrafında formalaşacaq. Bir sözlə, onun gəlişi ilə Türkiyə futbolunda sakitlik dövrü başa çatıb. Çünki o, sadəcə prezident deyil. Meydana çıxanda rəqibləri narahat edən, tribunaları ayağa qaldıran, dostlarını ümidləndirən, rəqiblərini isə ehtiyatlı davranmağa məcbur edən bir fenomendir.

WhatsApp Image 2026-06-08 at 13.46.04 (1).jpeg (28 KB)

Cavanşir ABBASLI



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki