“Azərbaycanın siyasi həyatında silinməz iz buraxan və müharibə dövrünün ən dəhşətli hadisələrindən biri, 1991-ci ilin 20 noyabrında baş vermiş helikopterin vurulması terror aktıdır. Bu faciə, sadəcə bir terror deyil, həm də Azərbaycanın dövlət adamlarına, siyasi və jurnalistik elitasına qarşı qəsdən həyata keçirilmiş bir cinayət idi.”- bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, bu terror hadisəsi Rusiya və Ermənistan xüsusi xidmət orqanlarının birgə hazırladığı bir iş idi.
“1991-ci ilin 20 noyabrında, Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycan dövlət adamlarını daşıyan “Mi-8 N72″ helikopteri erməni terroçuları tərəfindən vuruludu. Vertolyotda olan 22 nəfərin hamısı həlak oldu. Bu şəxslər arasında Azərbaycanın görkəmli dövlət xadimləri, jurnalistlər və Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri də var idi. Onların arasında ölkəmizin tanınmış simalarından — dövlət katibi akademik Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, Şuşa rayonunun birinci katibi Vaqif Cəfərov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri və jurnalistlərdən Alı Mustafayev, Arif Hüseynzadə, Fəxrəddin Şahbazov kimi peşəkarlar da var idi. Helikopterin vurulması faktı, yalnız bir təyyarənin məhv edilməsi ilə bitməyib, Azərbaycan dövlətinin yüksək çinli şəxslərinin həyatını itirməsi, siyasi və dövlət strukturlarına ağır zərbə vurulması ilə nəticələnib. Erməni separatçıları, bu terror hadisəsi ilə özlərini bir daha dünyaya terrorçu qüvvə olaraq təqdim etdilər və bu hadisənin siyasi məqsəd güddüyü açıq şəkildə görünür. Hadisə yerində aparılan ilkin təhqiqatlar, vertolyotda olan şəxslərin çoxunun tanınmaz hala gəldiyini və saylarının azalmasına dair məlumatları ortaya qoymuşdur.”- deyə Arzuman Muradlı bildirib.
“İllər keçsə də, bu faciə ilə bağlı bir çox müəmmalar və iddialar hələ də gündəmdədir. Azərbaycan xalqı bu faciəni, yalnız siyasi bir təxribat olaraq deyil, həm də dövlətin gələcək nəsilləri üçün böyük bir dərs kimi dəyərləndirir. Hər nə qədər vaxt keçsə də, bu terror hadisəsinin əsl səbəbləri və təşkilatçıları barədəki suallar cavabsız qalır. Bu isə, yalnız Azərbaycan cəmiyyətinin deyil, həm də beynəlxalq ictimaiyyətin diqqətini çəkən bir məsələdir.Faktiki olaraq, Qarakənd faciəsi Azərbaycan tarixində bir dönüm nöqtəsidir və onu heç bir zaman unutmamalıyıq. Bu, yalnız Azərbaycanın siyasi elitasına qarşı deyil, ümumiyyətlə dövlətə qarşı yönəlmiş bir cinayətin təzahürüdür. Gələcəkdə belə hadisələrin qarşısının alınması və dövlətin təhlükəsizliyinin təmin edilməsi üçün daha ciddi addımlar atılmalıdır.”- deyə Arzuman Muradlı bildirib.






















