Qazaxıstan və Ermənistan arasında birbaşa aviareyslərin açılması üçün konkret planlar hazırlanıb. Korrekt.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə mətbuata açıqlama verib.
Tokayev bildirib ki, iki ölkə arasında hava əlaqələrinin gücləndirilməsi məqsədilə birbaşa aviareyslərin yaradılması məsələsi prioritet məsələlərdən biridir. “Əsas vəzifələrdən biri Yerevan və Astana arasında birbaşa aviareyslərin yaradılmasıdır. Bununla bağlı konkret planlarımız var. Ümid edirəm ki, yaxın vaxtlarda müvafiq addımlar atılacaq”, – deyə Qazaxıstan prezidenti qeyd edib.
Yeni aviareysin açılması, iki ölkə arasında nəqliyyat əlaqələrini daha da sıxlaşdıracaq və qarşılıqlı iqtisadi və mədəni əlaqələri inkişaf etdirəcək. Həmçinin, bu addım turist axını və işgüzar səfərlərin artmasına da şərait yaradacaq.





















