Rusiya Müdafiə Nazirliyi, 15-21 noyabr tarixlərində Ukraynanın Xarkov, Dnepropetrovsk, Zaporojya və Donetsk vilayətlərində 16 yaşayış məntəqəsinin Rusiya ordusunun nəzarətinə keçdiyini açıqlayıb.
Korrekt.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, Rusiya Silahlı Qüvvələrinin qətiyyətli hərəkətləri nəticəsində Ukraynada müxtəlif bölgələrdə irəliləyişlər əldə edildiyi bildirilib. Açıqlamada qeyd olunur ki, Rusiya ordusu Dnepropetrovsk vilayətində Qay, Neçayevka və Radostnoye, Zaporojye vilayətində Yablokovo, Rovnopolye, Veseloye və Malaya Tokmaçka, Donetskdə Platonovka, Novoselovka, Stavki, Maslyakovka və Yampol qəsəbələrini, həmçinin Xarkov vilayətində Dvureçanskoye, Tseqalnoye, Petropavlovka və Kupyansk şəhərini azad edib.
Nazirlik həmçinin müharibə başlayandan bu yana Ukrayna ordusuna məxsus 668 təyyarə, 283 helikopter, 97 min 600-ə yaxın pilotsuz uçuş aparatı, 637 hava hücumundan müdafiə raket sistemi, 26 min 156 tank və zirehli texnika, 1 min 618 reaktiv yaylım atəşi sistemi, 31 min 452 haubitsa və minaatan, 47-dən çox xüsusi təyinatlı hərbi texnikanın məhv edildiyini bildirdi.
Bu açıqlamalar, Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı irəliləyişi və qarşı tərəfə vurduğu itkilərlə bağlı son vəziyyəti göstərir.





















