Rusiyanın Kola yarımadasında yerləşən Xibini massivində alimlər indiyədək elmə məlum olmayan yeni mineral aşkar ediblər.
Korrekt.az xəbər verir ki, RİA Novosti agentliyinin Rusiya Elm və Ali Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, kəşf Rusiya Elmlər Akademiyasının Kola Elmi Mərkəzi, Sankt-Peterburq Dövlət Universiteti və A.E. Fersman adına Mineralogiya Muzeyinin tədqiqatçıları tərəfindən Kirovski mədənində aparılan araşdırmalar zamanı edilib. Yeni minerala “Kolyan külkroftini” adı verilib.
Mütəxəssislərin bildirdiyinə görə, yeni mineralın tərkibində yüksək texnologiyalar sənayesində geniş istifadə olunan nadir torpaq elementi – ittrium mövcuddur. Bundan əlavə, onun tərkibinə kalium, natrium, kalsium, manqan, silisium və flüor daxildir. Alimlər bu mineralı Yer qabığının unikal “kimyəvi arxivi” kimi qiymətləndirirlər.
Araşdırmalara əsasən, “Kolyan külkroftini” bütün məlum minerallar arasında ən mürəkkəb kristal quruluşlarından birinə malikdir. Tədqiqatçılar qeyd edirlər ki, onun tərkibi və kristal quruluşu klassik külkroftit mineralından əhəmiyyətli dərəcədə fərqlənir.
Qeyd edək ki, külkroftit nadir rast gəlinən çəhrayı rəngli silikat mineralıdır. O, adətən şəffaf və kövrək olur və indiyədək yalnız Qrenlandiya, Kanada və İtaliya ərazilərində aşkar edilmişdi.
Rusiya Elm və Ali Təhsil Nazirliyinin məlumatına görə, bəzi külkroftin nümunələrinin səthinin hər kvadrat millimetri təxminən 145 ABŞ dolları dəyərində qiymətləndirilir. Bu isə onu dəyərinə görə qızıldan daha bahalı minerallardan birinə çevirir.





















