Rusiyada avtomobil bazarında son 14 ildə qiymətlərin kəskin artması satışlara da ciddi təsir göstərib.
Korrekt.az xəbər verir ki, Rusiya Avtomobil Dilerləri Assosiasiyasının (ROAD) prezidenti Aleksey Podşekoldin konfranslardan birində bildirib ki, 2012-ci ildən bəri yeni avtomobillərin qiyməti təxminən 300 faiz artaraq dörd dəfədən çox yüksəlib.
Onun sözlərinə görə, 2012-ci ildə Rusiyada yeni avtomobilin orta qiyməti 800 min rubl (təxminən 17 min manat) idisə, cari ilin birinci yarısının yekunlarına görə bu rəqəm 3,3 milyon rubla (təxminən 70 min manat) çatıb.
Kəskin bahalaşma avtomobil bazarının həcminə də təsir edib. 2012-ci ildə ölkədə ildə təxminən 3 milyon avtomobil satılırdısa, hazırda bu göstərici 1,5 milyon avtomobilə qədər azalıb. Beləliklə, 14 il ərzində bazarın həcmi təxminən iki dəfə kiçilib.
Podşekoldin qiymətlərə təsir edən əsas amillər sırasında Rusiya Mərkəzi Bankının əsas faiz dərəcəsini, rublun məzənnəsini, ƏDV-ni, utilizasiya rüsumunu və logistika xərclərini göstərib.
“Ya əhalinin gəlirlərinin artırılmasına nail olmalıyıq, ya da qiymətləri aşağı salmalıyıq. Dilerlər qiymətin adekvat olmasında maraqlıdırlar”, – deyə ROAD rəhbəri bildirib.Musavat.com





















