2026-cı ilin yanvar–iyul aylarında Azərbaycana 191 ölkədən 1 milyon 342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalıb.

Mövzu ilə bağlı İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlama verib.

Ramil Əliyevin sözlərinə görə, bu azalmanı yalnız bir səbəblə izah etmək düzgün olmaz və burada bir neçə amil rol oynayır:

“Əsas məsələlərdən biri Azərbaycanın quru sərhədlərinin uzun müddətdir bağlı olmasıdır. Bu vəziyyət xüsusilə qonşu ölkələrdən avtomobil və avtobusla Azərbaycana gələn turistlərin sayına təsir göstərir”.

Ramil Əliyev bildirib ki, digər mühüm məsələ aviabiletlərin qiymətləridir və bu amil turistlərin səyahət qərarlarına birbaşa təsir edir:

“Bu gün insanlar səyahət edərkən getdikləri ölkəyə nəqliyyatın nə qədər xərc tələb etdiyinə xüsusi diqqət yetirirlər. Avropada ölkələr arasında uçuşların daha münasib qiymətə olması, qonşu Gürcüstanda bir sıra istiqamətlər üzrə aviabiletlərin Azərbaycana nisbətən daha əlçatan olması, həmçinin Türkiyədən Avropanın müxtəlif ölkələrinə uçuşların daha münasib qiymətə təklif edilməsi Azərbaycan üçün müəyyən rəqabət məsələsi yaradır”.

Sədr vurğulayıb ki, hotellərin, restoranların və digər turizm xidmətlərinin qiymətləri də turist seçimində mühüm rol oynayır:

“Bununla yanaşı, hotellərin, restoranların və digər turizm xidmətlərinin qiymətləri də turist seçimində mühüm rol oynayır. Əlbəttə, bütün obyektləri eyni qiymətləndirmək olmaz. Lakin bəzi hotellərdə və restoranlarda qiymətlərin yüksək olması turistin ölkədə qalma müddətinə və ümumi səyahət büdcəsinə təsir edə bilər”.

Ramil Əliyev bildirib ki, dünyada və regionda baş verən proseslər də turist axınına təsir göstərir:

“Təbii ki, var. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən proseslər, Azərbaycan-İran münasibətlərinə təsir edən regional gərginliklər və ümumilikdə dünyada baş verən geosiyasi hadisələr insanların səyahət qərarlarına təsir göstərir. Turist üçün təhlükəsizlik, nəqliyyatın əlçatanlığı və səyahətin ümumi qiyməti əsas meyarlardandır”.

R.Əliyevin sözlərinə görə, bütün bu amillərə baxmayaraq, Azərbaycanın turizm potensialına nikbin yanaşmaq olar:

“Amma bütün bunlara baxmayaraq, Azərbaycanın turizm potensialına kifayət qədər nikbin yanaşıram. Ölkəmizdə turizmin inkişafı istiqamətində mühüm işlər görülür və hesab edirəm ki, qarşıdakı illərdə bunun müsbət nəticələrini daha çox görəcəyik”.

Sədr qeyd edib ki, turist axınının artırılması üçün ilk növbədə aviabiletlərin daha əlçatan olması və yeni birbaşa uçuş istiqamətlərinin artırılması vacibdir:

“İlk növbədə, aviabiletlərin daha əlçatan olması, yeni birbaşa uçuş istiqamətlərinin artırılması və hava nəqliyyatında rəqabətin gücləndirilməsi vacibdir. Eyni zamanda hotellər, restoranlar və digər turizm xidmətləri qiymət və keyfiyyət baxımından daha rəqabətli olmalıdır”.

Ramil Əliyev vurğulayıb ki, quru sərhədlərin açılması məsələsi də turizm baxımından əhəmiyyətli amillərdən biridir:

“Quru sərhədlərin açılması məsələsi də turizm baxımından əhəmiyyətli amillərdən biridir. Təbii ki, bununla bağlı qərar təhlükəsizlik və dövlət maraqları nəzərə alınmaqla qəbul edilir. Lakin quru nəqliyyatının turistlər üçün əlçatan olması xüsusilə qonşu ölkələrdən turist axınının artmasına müsbət təsir göstərə bilər”.

R.Əliyevin sözlərinə görə, Azərbaycanın turizm imkanları təkcə Bakı ilə məhdudlaşmamalı və regionların potensialından daha geniş istifadə olunmalıdır:

“Digər tərəfdən, Azərbaycanın turizm imkanları təkcə Bakı ilə məhdudlaşmamalıdır. Qarabağda yeni hotellərin tikilməsi, yolların yüksək səviyyədə qurulması, regionlarda turizm infrastrukturunun inkişaf etdirilməsi ölkəmizin turizm potensialını daha da artırır. Qarabağ və Şuşa ilə yanaşı, Naxçıvan, Naftalan, Quba, Qəbələ, Şəki, Lənkəran və digər bölgələrimiz də beynəlxalq turizm bazarında daha fəal şəkildə təbliğ olunmalıdır”.

Sədr bildirib ki, sağlamlıq və termal turizmin inkişafına xüsusi diqqət yetirilməlidir:

“Xüsusilə sağlamlıq və termal turizmin inkişafına diqqətin artırılmasını vacib hesab edirəm. Azərbaycan bu sahədə kifayət qədər böyük potensiala malikdir və düzgün marketinq həyata keçirildiyi halda ölkəyə ilboyu turist cəlb etmək mümkündür”.

Ramil Əliyev hesab edir ki, 9,2 faizlik azalma ciddi siqnal olsa da, bunu Azərbaycanın turizm sektorunda geriləmə kimi qiymətləndirmək düzgün deyil:

“Ümumilikdə, 9,2 faizlik azalmanı ciddi siqnal kimi qiymətləndirmək lazımdır, amma bunu Azərbaycanın turizm sektorunda geriləmə kimi qəbul etmək doğru olmaz. Əksinə, mövcud problemləri düzgün təhlil edib onların həlli istiqamətində addımlar atmalıyıq. Düşünürəm ki, qarşıdakı illərdə yeni turizm layihələri, Qarabağda və digər regionlarda yaradılan infrastruktur, yeni marşrutlar və daha düzgün marketinq siyasəti turist axınının yenidən artmasına imkan verəcək”.