Yaddaş Maarifçi Gənclər İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurası (ECOSOC) yanında məşvərətçi status əldə etmək məqsədilə müraciət edib.
Bu barədə Yaddaş Maarifçi Gənclər İctimai Birliyinin nümayəndəsi Rəna Süleymanlı məlumat verib.
Onun sözlərinə görə, təşəbbüsün əsas məqsədi təşkilatın beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirmək, BMT platformalarında təmsilçilik imkanlarını artırmaq və Azərbaycan vətəndaş cəmiyyətinin qlobal proseslərdə iştirakına töhfə verməkdir.
Rəna Süleymanlı qeyd edib ki, BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) təşkilatın iqtisadi, sosial və ekoloji inkişaf, eləcə də beynəlxalq əməkdaşlıq sahələrində fəaliyyət göstərən əsas orqanlarından biridir. Şura dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi, beynəlxalq sosial və iqtisadi məsələlərin müzakirəsi, həmçinin üzv dövlətlər və müxtəlif beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın əlaqələndirilməsində mühüm rol oynayır.
O bildirib ki, ECOSOC-un fəaliyyətində qeyri-hökumət təşkilatlarının iştirakı vətəndaş cəmiyyətinin təcrübəsinin beynəlxalq səviyyədə bölüşdürülməsi, aktual problemlərin müzakirəsinə töhfə verilməsi və qlobal təşəbbüslərin dəstəklənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Rəna Süleymanlının sözlərinə görə, ECOSOC yanında məşvərətçi status qeyri-hökumət təşkilatlarına müəyyən edilmiş prosedur və qaydalar çərçivəsində Şuranın və onun müvafiq qurumlarının fəaliyyətində iştirak etmək, beynəlxalq tədbirlərdə təmsil olunmaq və təşkilatın fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə mövqelərini təqdim etmək imkanları yaradır.
O vurğulayıb ki, Yaddaş Maarifçi Gənclər İctimai Birliyinin bu istiqamətdə müraciəti təşkilatın beynəlxalq fəaliyyətinin inkişaf etdirilməsi, yeni tərəfdaşlıqların qurulması və Azərbaycan QHT-lərinin beynəlxalq platformalarda təmsilçiliyinin genişləndirilməsi baxımından əhəmiyyətli addımdır.
Qeyd edək ki, BMT-nin İqtisadi və Sosial Şurası 1945-ci ildə yaradılıb və BMT sistemində iqtisadi, sosial və əlaqəli sahələr üzrə müzakirələrin aparılmasında, siyasət tövsiyələrinin hazırlanmasında və beynəlxalq əməkdaşlığın təşviqində mühüm rol oynayır. ECOSOC yanında məşvərətçi status almaq istəyən QHT-lər müəyyən edilmiş meyarlara və qiymətləndirmə prosedurlarına uyğun olaraq nəzərdən keçirilir.





















