Ermənistanda taleyüklü parlament seçkilərinə cəmi üç həftə qalıb. Lakin artıq indidən aydın görünür ki, bu kampaniya təkcə antoqnist siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi deyil. Ölkə faktiki olaraq yenidən böyük geosiyasi qarşıdurmanın mərkəzinə çevrilib. Bir tərəfdə Nikol Paşinyanın rəhbərlik etdiyi Qərbyönlü qüvvələr, digər tərəfdə isə Moskvanın çox böyük resurslarla dəstəklədiyi revanşist-mühafizəkar düşərgə dayanır. Bu dəstək haqqında təsəvvür yaratmaq üçün bir neçə məqama diqqət yetirməyə ehtiyac var:
Ölkə qanunvericiliyində media və vətəndaş cəmiyyəti institutlarının xaricdən maliyyələşdirilməsinə dair hər hansı məhdudiyyət yoxdur. Rusiya bu boşluqdan istifadə edərək hazırda Ermənistan informasiya məkanının üçdə birinə ciddi maliyyə dəstəyi verir və onlar ictimai rəyə təsir edən populyar internet resurslarıdır.
İkinci məqam: Rusiyada yaşayan, çalışan Ermənistan vətəndaşı olan gənclər siyahılaşdırılıb, onların tam əksəriyyətinə erməni oliqarxların pulu hesabına İrəvana təyyarə biletləri alınıb. Söhbət minlərlə fiziki cəhətdən güclü, 20-55 yaş aralığında olan kişilərdən gedir. Teleqram kanallarında yayılan məlumatlara görə, onlar mayın 20-dən etibarən İrəvana gələrək müxalifətin aksiyalarına qoşulacaqlar. Bu qüvvələrdən əsas etibarı ilə seçki gecəsi və sonrakı günlərdə küçə mübarizəsində istifadə olunacaq.
Üçüncü məqam: Rusiya seçki prosesinə qoşduğu hər üç milyarderdən – Samvel Karapetyan, Robert Koçaryan, Qagik Tsarukyandan seçki porsesinə böyük maliyyə vəsaitləri xərcləməyi tələb edir. Yayılan məlumatlara görə, hətta həmin şəxslərin Rusiyadakı aktivləri nəzarətə götürülüb və qarşıya qoyulan tələbin yerinə yetirilməsində azacıq tərəddüdün əmlakların itiriləcəyinə səbəb olacağı bildirilib. Xatırladaq ki, S.Karapetyan 5 milyard, R.Koçaryan 3 milyard, Q.Tsarukyan isə 1 milyard dollarlıq sərvətə malikdir. Onlar hazırda seçiciləri pulla ələ almaq üçün böyük həcmdə vəsaitlər xərcləyirlər.
Son günlər hüquq mühafizə orqanları oliqarxların rəhbərlik etdiyi siyasi qüvvələrə qarşı ifşa kampaniyaları həyata keçirir, ard-arda axtarışlar, həbslər baş verir. Gözlənilir ki, Paşinyanın emosional çıxışları, müxalifətin sərt ritorikası, Qarabağ mövzusunun yenidən gündəmə daşınmq cəhdləri və informasiya məkanında görünməmiş aktivlik seçkiyə yaxınlaşdıqca gərginlik daha da artacaq.
Paşinyanın əsas problemi: Qərb dəstəyi var, amma cəmiyyət yorulub
2020-ci il müharibəsindən və xüsusilə 2023-cü ildə Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsindən sonra Nikol Paşinyan uzun müddət siyasi baxımdan zəifləsə də, hakimiyyətdə qalmağı bacardı. Bunun əsas səbəbi müxalifətin parçalanmış vəziyyətdə olması və Qərbin ona verdiyi açıq-səssiz siyasi dəstək idi.
Son iki ildə Ermənistanın Avropa İttifaqı ilə münasibətləri sürətlə yaxınlaşıb, Fransa açıq şəkildə Paşinyan hökumətini dəstəkləyib; ABŞ Ermənistanla təhlükəsizlik və enerji əməkdaşlığını genişləndirib. Paralel olaraq, İrəvan KTMT-dən uzaqlaşıb, Rusiya sərhədçilərinin bəzi mövqelərdən çıxarılması baş verib. Paşinyan seçkiyə “real Ermənistan” konsepsiyası ilə gedir. O, cəmiyyətə faktiki olaraq belə mesaj verir:
“Qarabağ layihəsi bitib, indi əsas məsələ Ermənistan dövlətini qorumaqdır”. Lakin problem ondadır ki, Ermənistan cəmiyyətinin böyük hissəsi müharibə travmasını tam qəbul etməyib, Azərbaycana məğlubiyyətini həzm edə bilmir, sosial-iqtisadi vəziyyətdən narazıdır və təhlükəsizlik qorxusu yaşayır. Bu səbəbdən Paşinyanın reytinqi əvvəlki illərlə müqayisədə ciddi zəifləyib.
Moskva niyə Paşinyanı dəyişmək istəyir?
Kreml üçün Paşinyan artıq etibarlı tərəfdaş sayılmır. Moskva Prezident Vladimir Putin səviyyəsində bəyan edir ki, Paşinyan Rusiyanın maraqlarını nəzərə almadan Qərbə inteqrasiyanı sürətləndir və nəticədə Kremlin Cənubi Qafqazdakı təsirini zəiflədir. Bu isə yaxın gələcəkdə Ermənistanı anti-Rusiya platformasına çevirə bilər.
Buna görə də Rusiya seçkilərə birbaşa deyil, dolayısı təsir göstərməyə çalışır. Moskvanın əsas taktiki xətti Paşinyanı zəiflətmək, onun təkpartiyalı dominantlığını sarsıtmaq və gələcək parlamentdə Rusiyaya yaxın qüvvələrin sayını artırmaqdır. Bu prosesdə əsas diqqət çəkən fiqur isə Samvel Karapetyandır.
Rusiyada milyardlarla dollarlıq biznes imperiyası quran Samvel Karapetyan seçki kampaniyasına böyük maliyyə resursu ilə daxil olub. Erməni mediasında yayılan məlumatlara görə, onun siyasi layihəsinə on milyonlarla dollar yatırılıb.
Karapetyanın üstünlüklərinə gəlincə, ilk yerdə Rusiyadakı iqtisadi əlaqələri, böyük maliyyə imkanları və “köhnə klan” qədər mənfi reputasiyasının olmamasıdır. Bununla yanaşı o özünü “iqtisadiyyatı yenidən quracaq menecer” kimi təqdim edir. Bu platforma Rusiya üçün əlverişlidir, çünkli Karapetyan nə tam radikal revanşistdir, nə də açıq anti-Rusiya kursuna malikdir. Bu səbəbdən son həftələr Ermənistan mediasında Karapetyan layihəsinin sürətlə böyüməsi diqqət çəkir.
Seçkiyə 3 həftə qalmış siyasi qüvvələrin reytinqi
Erməni siyasi dairələrində və müxtəlif lokal sorğularda müşahidə olunan ümumi mənzərə təxminən belədir:
1. “Vətəndaş Müqaviləsi” – Nikol Paşinyan
Təxmini dəstəyi 30-35%-dir. Hakim partiya hələ də birinci yerdədir. Ekspertlərə görə, bunun əsas səbəbi inzibati resurslar, zəif müxalifət, regionlarda struktur üstünlüyü və ən əsası Qərbin dolayısı dəstəyi. Bu reytinqin seçki gününə qədər necə dəyişcəyi Paşinyan komandasının təkbaşına iqtidar qurmaq şanslarının olub-olmayacağını müəyyənləşdirəcək. Amma bir gerçəklik hələ ki dəyişmir: hakim partiya əvvəlki seçkilərlə müqayisədə ciddi enmə müşahidə olunur.
2. “Güclü Ermənistan” – Samvel Karapetyan
Cəmiyyətdən dəstək: 18-25% aralığında qiymətləndirilir. Kampaniyanın ən sürətlə yüksələn qüvvəsi hesab olunur. Xüsusilə biznes dairələrində, müharibədən narazı elektoratda, Rusiyaya yaxın çevrələrdə dəstəyi artır.
3. Robert Köçəryanın Ermənistan” blokunun dəstəyi isə təxmini dəstək: 10-15 faiz aralığında qiymətləndirilir. Köçəryanın elektoratı ona sadiqdir, amma genişlənmir. Cəmiyyətin əsas hissəsi onu korrupsinoner, ölkənin düşdüyü problemlərin baiskarı bir hissəsi onu hesab edir.
4. Oliqarx Qaqik Tsarukyanın liderlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasının dəstəyi isə 5-8% aralığındadır. Əsasən sosial-iqtisadi narazı elektoratın səsini qazanmağa çalışır. Digər partiyaların əksəriyyəti parlament baryerini keçməkdə çətinlik çəkə bilər.
Bir maraqlı məqamı da qeyd edək ki, Paşinyan komandasının əsas hədəfi daha çox şanslara malik olan Karapetyan blokundan daha çox Robert Koçaryanın rəhbərlik etdiyi seçki blokudur. Bu da səbəbsiz deyil. Çünki seçki qanunvericiliyinə görə, seçki blokları ən azı 8 faiz səs alarlarsa, parlamentdə deputat yeri qazana bilərlər. Koçaryan isə “qırmızı xəttə” çox yaxındır, hakimiyyət onu seçki barajı altına salmaqla müxalifətin “üçlü ittifaqı”nı dağıtmaq istəyir. Məlumdur ki, ötən il, yerli seçkilərdə müxalifət ölkənin ikinci şəhəri Gümrüdə məhz koalisiya quraraq hakim “Vətəndaş Müqaviləsi”nə qalib gəlmişdi. Paşinyan komandası parlament seçkilərində bu triadanın performans göstərməsinə imkan vermək istəmir.
Qərbin əsas məqsədi nədir?
Qərb üçün əsas prioritet Paşinyanın mütləq təkbaşına hakimiyyət qurmasıdır. Onların əsas məqsədi Ermənistanın Rusiyanın tam nəzarətinə qayıtmaması, sülh prosesinin dayanmasının qarşısını almaq və regionda Qərb təsirinin qorumaq və genişləndirməkdir. Bu səbəbdən Qərb Paşinyanın zəifləməsinin qarşısını almaq üçün açkar və başqa formalarda ona ciddi dəstək verir. Bu sıraya maliyyədən tutmuş kəşfiyyat mübadiləsinə qədər çoxsaylı alətləri qeyd etmək mümkündür. Amma tam məğlubiyyətini riskli sayır.
Seçkilərin mümkün ssenariləri
Birinci ssenariyə görə, Paşinyan zəif qələbə qazanır. Sorğulara görə bu ehtimal 40-45% təşkil edir. Ekspertlər bunu ən real ssenari kimi təqdim edirlər. Bu halda Paşinyan təbii ki, koalisiya axtarmağa məcbur qala bilər. Ona daxili təzyiqlər artacaq və Moskva parlament daxilində hökumətin siyasətinə təsir imkanlarını genişləndirəcək.
İkinci ssenari koalisiyalı qeyri-sabit hökumətin qurulmasıdır. Müşahidəçilər bu ehtimalı 30-35% real sayırlar. Əgər hakim partiya ciddi səs itirsə, Ermənistanda uzunmüddətli siyasi böhran, küçə etirazları, hökumət dəyişiklikləri mümkündür. Bu ssenari Rusiyanın maraqlarına daha yaxın görünür.
Üçüncü ssenari müxalifətin sürpriz uğurudur. Ekspertlər hesab edirlər ki, bu ehtimal aşağıdır – 15-20% qiymətləndirilir. Amma tam istisna deyil.
Sonuncu 4-cü isə küçə qarşıdurması ssenarisinin baş verməsidir. Əksər daxili və xarici ekspertlər bu ehtimalı yüksək qiymətləndirirlər. Ən təhlükəli variantlardan biri məhz budur.
Çünki erməni cəmiyyəti radikallaşıb, siyasi nifrət dərinləşib, xarici güclər isə hər variantda öz maraqlarını reallaşdırmağa çalışırlar.
Azərbaycan üçün nə dəyişə bilər?
Rəsmi Bakı üçün əsas məsələ: sülh sazişinin taleyi, delimitasiya, kommunikasiyaların açılması və regiondakı geosiyasi balansın necə dəyişməsidir. Hazırda Ermənistanda Bakı üçün ən proqnozlaşdırılan tərəfdaş yenə Paşinyandır. Çünki o, ən azı mövcud geosiyasi reallığını qəbul edir.
Şübhəsiz ki, Moskvanın təsirində olan revanşist hökumətin formalaşması sülh prosesini ləngidə, regionda yeni gərginlik yarada, Rusiya faktorunu yenidən gücləndirə bilər. Ekspertlərə görə, bu qüvvələr hakimiyyətə qayıdarlarsa, ilk iş Rusiya ordusunu Azərbaycanla sərhədlərə yeridib Kremlin sülh, sərhədlərin dəqiqləşdirilməsi və kommunikasiyaların açılması prosesinə daxil olmasına cəhd ediləcək. Bu səbəbdən Ermənistan seçkiləri təkcə İrəvan üçün deyil, bütün Cənubi Qafqazın gələcəyi baxımından kritik mərhələyə çevrilir.“AzPolitika.info”





















