Rusiya ordusu Kiyev vilayətində yerləşən təlim poliqonunda keçirilən hərbi sərgiyə ballistik raketlərlə zərbə endirib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamasında zərbə nəticəsində ilkin məlumata görə 6 nəfərin həlak olduğunu, 10 nəfərin isə yaralandığını bildirib. Sonradan Ukraynanın Baş prokuroru Ruslan Kravçenko ölənlərin sayının 10-a çatdığını, 100-ə yaxın şəxsin müxtəlif dərəcəli xəsarətlər aldığını açıqlayıb.
Baş Prokurorluğun məlumatına görə, hadisə ilə bağlı Ukrayna Cinayət Məcəlləsinin müharibə cinayətləri ilə bağlı 438-ci maddəsi üzrə cinayət işi başlanıb. Bununla yanaşı, tədbirin təşkili zamanı vəzifə borclarının lazımi qaydada yerinə yetirilməməsi və bunun ağır nəticələrə səbəb olması ehtimalı ilə Cinayət Məcəlləsinin 367.3-cü maddəsi üzrə də araşdırma aparılır.
Ruslan Kravçenko bildirib ki, müharibə şəraiti məsuliyyəti aradan qaldırmır və bütün qərarlar yüksək peşəkarlıq, ehtiyatlılıq və təhlükəsizlik tələblərinə uyğun qəbul edilməlidir.
Ukrayna mənbələrinin məlumatına görə, hücuma məruz qalan hərbi sərgi üçün iştirakçılar arasında açıq onlayn qeydiyyat aparılıb. “Mikolayv Vanyok” adlı hərbi ictimai qrup hesab edir ki, tədbirlə bağlı açıq şəkildə yayılan məlumatlar Rusiya kəşfiyyatının hədəfi müəyyənləşdirməsinə kömək etmiş ola bilər.
Qrupun açıqlamasında qeyd olunur ki, tədbirin keçiriləcəyi tarix əvvəlcədən elan edilsə də, dəqiq məkan göstərilməyib. Bununla belə, açıq qeydiyyat sistemi və digər məlumatların təhlükəsizlik baxımından risk yaratdığı vurğulanır. Təşkilatçılar belə bir tədbirin müharibə şəraitində keçirilməsinə görə tənqid olunublar.

Hadisə ilə bağlı araşdırmalar davam edir.





















