Ermənistan hökuməti Rusiya bazarında üzləşdiyi məhdudiyyətlər və embarqolar səbəbindən çətin vəziyyətə düşən yerli ixracatçıları xilas etmək üçün böyük maliyyə dəstəyi proqramı elan edib. İrəvan rəhbərliyi kənd təsərrüfatı və spirtli içki sektorundakı itkiləri kompensasiya etməyə çalışır.
“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Nazir müavini Arman Xocoyan bildirib ki, hökumətin hazırladığı yeni layihəyə əsasən, iyun ayı ərzində ixrac həyata keçirən şirkətlərə dövlət tərəfindən birbaşa subsidiya və təzminatlar ödəniləcək.
İrəvanın rəsmi planına görə, Rusiya sanksiyalarından zərər çəkən sahibkarlara aşağıdakı tariflərlə təzminat veriləcək:
Ərik ixracı üçün hər kiloqrama görə 200 dram (~0.85 AZN)
Şaftalı və nektarin üçün hər kiloqrama görə 250 dram (~1.05 AZN)
Albalı və gilasın hər kiloqrama görə 400 dram (~1.70 AZN)
Şüşə qablarda üzüm şərabın hər litrinə görə 350 dram (~1.50 AZN)
Şüşə qablarda brendi (konyak) üçün hər litrə görə 830 dram (~3.55 AZN)
Mineral suların hər litrə görə 150 dram (~0.65 AZN)
Qeyd edək ki, hökumət ötən həftə də meyvə, tərəvəz və gül-çiçək ixracatçılarına oxşar kompensasiyaların ödəniləcəyini elan etmişdi.
Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl bəyan etmişdi ki, hökumət Rusiyanın qəfil tətbiq etdiyi məhdudiyyətlərdən zərər çəkən biznes strukturlarına son qəpiyinə qədər dotasiya verəcək. Paşinyan həmçinin Rusiyadan imtina edərək alternativ bazarlara üz tutduqlarını gizlətmir. O, artıq ilk qızılgül və tərəvəz partiyalarının yeni ölkələrə göndərildiyini, məhsullar mənzil başına çatdıqdan sonra həmin dövlətlərin adlarını ictimaiyyətə açıqlayacağını bildirib.
Kremlin iqtisadi rıçaqlarla İrəvanı cəzalandırmaq cəhdləri fonunda Avropa İttifaqı (Aİ) dərhal hərəkətə keçib. Ötən həftə Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə Nikol Paşinyan arasında baş tutan telefon danışığında Rusiyanın Ermənistana qarşı son iqtisadi kısıtlamaları əsas müzakirə mövzusu olub.
Fon der Leyen Moskvanın təzyiqlərinə müqavimət göstərə bilməsi üçün Aİ-nin Ermənistana təcili olaraq 50 milyon avrodan çox maliyyə dəstəyi ayıracağını bəyan edib.
Ekspertlər hesab edirlər ki, Rusiya və Ermənistan arasında siyasi müstəvidə yaşanan gərginlik artıq tam mənası ilə iqtisadi müharibəyə çevrilib. Moskvanın kənd təsərrüfatı və spirtli içki idxalını dayandırmaqla İrəvanda daxili narazılıq yaratmaq cəhdləri, Qərbin birbaşa maliyyə inyeksiyaları və Paşinyanın daxili subsidiyaları ilə neytrallaşdırılmağa çalışılır.”AzPolitika.info”





















