image-1backend

Ruslan Quliyevin əziz xatirəsinə!

image-ads-728x90

Azərbaycan turizm ictimaiyyətinin çox dəyərli nümayəndəsi, ölkə turizminin inkişafında misilsiz xidmətləri olan, kreativ layihələrin və maraqlı turizm marşrutlarının müəllifi Ruslan Quliyevin vaxtsız və qəfil vəfatı ailəsini, dostlarını, onu tanıyan hər kəsi dərin kədər hissinə qərq etdi.

Bəlkə də çoxları onu sadə bir turizmçi kimi tanıyırdı. Ruslan Quliyevlə 20 illik təmənnasız dostluğumuza dayanaraq ona olan vəfa borcumu haqqında bu son yazını hazırlamaqla ödəmək qərarına gəldim. Bu yazıda siz Ruslan müəllimin həyat və fəaliyyəti ilə tanış olacaq, gördüyü işlərə nəzər salacaqsınız.

Quliyev Ruslan Gəray oğlu 1973-cü ildə Bakı şəhərində anadan olub, Sumqayıt şəhərindəki 25 saylı orta məktəbdə təhsil alıb. O, Azərbaycan İqtisad Unversitetinin kommersiya fakültəsini bitirsə də, Türkiyə Cümhuriyyətindən aldığı bir təkliflə 1995-97-ci illərdə orada turizmin müxtəlif sahələrində çalışıb, mehmanxana xidmətçisindən başladığı iş turoperator fəaliyyəti ilə davam edib. Türkiyədə çalışdığı müddətdə onu bir məsələ narahat edirdi: Vətəni Azərbaycan bu qədər geniş, zəngin turizm potensialı olduğu halda, niyə bu sahənin inkişafında geri qalır?

Özü bu barədə xatirələrində deyirdi: “İçimdə belə bir inam vardı ki, Azərbaycan nə vaxtsa populyar bir turizm mərkəzinə çevriləcək. Mən özümü məhz bu sahədə görürdüm. Elə bu həvəslə də ölkəmə qayıtdım”.

Vətənə qayıtdıqdan sonra gənc Ruslan günlərin bir günü qəzetdə belə bir elan oxuyur: “Turizm sahəsində mütəxəssis tələb olunur”. Düşünmədən həmin müəssisəyə gəlir və orada turizm sahəsində fəaliyyətə başlayır. 6 ay sınaq müddətində çalışır. Bu zaman ərzində Azərbaycanın əksər rayonlarını gəzir, buradakı mehmanxanalar, ictimai-iaşə müəssisələri, tarixi-mədəni abidələr barədə məlumatları toplayıb həmin şirkət üçün ilk turizm portalının məlumat bazasını hazırlayır. Bu, çox uğurlu bir layihə olur və beləliklə də 2005-ci ildə Zaqafqaziyada ilk turizm portalı yaranır. Bir müddət sonra bu şirkətin reklam meneceri, daha sonra isə baş direktoru olur.

2006-cı ildən vəfat edənə qədər “Millennium Tourism & Congress” DMC-nin direktoru vəzifəsində çalışıb. Eyni zamanda ruhən ictimaiyyətçi olan Ruslan Quliyev Azərbaycanda turizmin inkişafı ilə əlaqəli cəmiyyətlərin, institut və təsisatların fəaliyyəti, bu istiqamətdə hansı problemlərin olması ilə bağlı araşdırma aparmağa başlayır. İlk olaraq sovet dövründə və ondan sonrakı illərdə turizm fəaliyyəti ilə məşğul olan və bu sahədə kifayət qədər təcrübəsi olan insanlarla şəxsən tanış olur. Mayıl Məmmədov, Siyavuş Yeqanlı, Sabit Həsənov, Oktay Rzayev, Müzəffər Ağakərimov və digər təcrübəli turizmçiləri diqqətlə dinləyir, marşrutlara baxır, özü də bəzi məqamlarda improvizələr edir. Heç vaxt düşünmür ki, rəhbər olduğuna görə bu işi görə bilməz. Bəzən turizmlə bağlı reklam çarxlarında belə özü çəkilir.

Onu düşündürən əsas məqamlardan biri də müxtəlif coğrafiyalardan bura insanların cəlb olunması üçün beynəlxalq fəaliyyətin həyata keçirilməsi idi. Türkiyə Aşçılar Federasiyasının başqanı Yasin Manafla tanışlıq “Skal İnternational” turizm peşəkarları təşkilatının Bakı klubunun yaranması ilə nəticələnir. Beləliklə, 2009-cu ildə “Skal Bakı” yaranır və Ruslan Quliyev bu qurumun ilk prezidenti olur.

Ölkə turizminin inkişafı istiqamətində yorulmadan çalışan qəhrəmanımız 2013-cü ildə Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasını təsis edir. Turizm fəaliyyətinə başladığı ilk illərdən həmişə düşünürdü ki, Azərbaycanda mövsümi xarakter daşımayan turizm fəaliyyətləri təşviq olunmalıdır. Elə bu məqsədlə də mövcud imkanları araşdırır, Naftalanda, Qalaaltında, Masallıda, Düzdağda və digər məkanlarda yerləşən sanatoriya-kurort müəssisələrinin işi ilə tanış olur və bu nəticəyə gəlir ki, burada çox böyük bir potensial var, qalır onun təşviqi.

Bunun üçün müxtəlif nüfuzlu beynəlxalq sağlamlıq turizmi qurumları ilə əlaqələr yaradır. Rəhbərlik etdiyi Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası 2014-cü ildə Dünya Sağlamlıq Turizm Şurasının (QSTİ) İdarə Heyətinin üzvü olur. 2018-ci ilin aprelində QSTŞ-nin Türkiyədə keçirilən növbəti zirvə toplantısında bu beynəlxalq qurumun prezidenti seçilir.

2019-cu ildə Ruslan Quliyevin yüksək təşkilatçılığı və yaxından iştirakı ilə Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası keçirilir. Məhz onun əməyi nəticəsində Azərbaycan 2018-2020-ci illərdə Dünya Sağlamlıq Turizm Şurasına sədrlik edir. Bu müddətdə ölkədə keçirilən tədbirlər, layihələr Azərbaycanın sağlamlıq turizmi imkanlarının dünyaya tanıtdırılması istiqamətində önəmli rol oynayır.

Daha sonra Beynəlxalq Ekoturizm Assosiasiyasından qurumun Azərbaycan nümayəndəliyinin açılması ilə bağlı təklif alır. Təbii ki, bu fürsəti də dəyərləndirir.

2024-cü ilin dekabr ayında Sumqayıtda Ruslan Quliyevin yaxından iştirakı ilə Turan Qastro Turizm Akademiyası qurulur. Hazırda beynəlxalq standartlara uyğun olaraq fəaliyyət göstərən bu tədris mərkəzində 11 ixtisas üzrə xidmət sektoru üçün mütəxəssis hazırlanır.

Ruslan müəllim həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyasında Turizm komissiyasının sədri, təşkilatın rəyasət heyətinin üzvü idi.

Onun turizm sahəsində göstərdiyi xidmətlər dövlət tərəfindən də yüksək qiymətləndirilmişdi. 2022-ci ildə ölkə Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilmişdi. Ruslan Quliyev elmi-pedaqoji fəaliyyətinə də fasilə verməmişdi. 2006-cı ildən Azərbaycan Turizm İnstitutunda (hazırda Turizm və Menecment Universiteti) müəllim idi. İki il öncə elmi işini yazıb bitirmiş, müdafiə etmişdi.

Vətən müharibəsi günlərində cəbhəyə müxtəlif yardımların təşkilində şəxsən işrirak etmişdi. Torpaqlarımızın işğaldan azad olunması onu çox sevindirirdi. Ən böyük arzusu Qarabağ və Şərqi Zəngəzurda çoxşaxəli turizm infrastrukturunun yaradılması, buraya turistlərin cəlbinə nail olmaq idi.

***

Bir dəfə Ruslan Quliyevlə bağlı yazı hazırlayırdım. Sual verdim ki, bu gün dönüb arxaya baxdıqda nə düşünürsünüz? Cavabı belə olmuşdu: “Qürur hissi keçirirəm, amma bəzi məqamlar üçün də təəssüflənirəm. Səhvlərim olubmu? Təbii ki. Amma təcrübə bizim səhvlərimizin məcmusudur. O səhvləri etməsək, inkişaf edə bilmərik. Arxada qoyduğumuz dövrün hər ilinin öz şərtləri vardı.

İrəlidə işlərimiz çoxdur. Bizim hədəfimiz Azərbaycanın tanıdılması istiqamətində yeni standartlar, innovativ yanaşmalar həyata keçirməkdir. Bunun da bazasında gənclərə yönəlik fəaliyyətimizi artırmalıyq, təcrübəmizi paylaşmalıyıq. Hesab edirəm ki, bizim davamçılarımız bizim başladığımız işləri bəlli bir nöqtəyə gətirə bilməlidir”.

Layihələri, planları kimi, arzuları da yarımçıq qaldı. 53 illik ömrünə çox şeyləri sığdıra bildi, amma həyata keçirə bilmədikləri də çox oldu. Oğlunun son zəngini görə bilmədi, tələbə olmağını bilsə də, sevincini yaşaya bilmədi. Ata-anasını çox sevirdi, amma istəmədən də olsa, onların ürəyinə dağ çəkdi. Çox sevdiyi həyat yoldaşını, istəkli qızını yarımçıq, yeganə bacısını köməksiz qoydu.

Dostları onu hər zaman gülərüz, mehriban, mədəni, kimsənin qəlbinə dəyməyən, yardımsevər biri kimi xatırlayacaqlar.

Ruslan Quliyev iliyinə qədər turizm demək idi, turizmin özü idi, o getdi, Azərbaycan turizmi yetim qaldı…

Bu ifadəni onun haqqında yazmaq mənim üçün nə qədər ağır olsa da yazıram: yerin, məkanın cənnət olsun, ƏZİZ DOSTUM! Sən gedişinlə həm də dostlarını yetim qoydun!

Fəxriyyə ABDULLAYEVA

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki