image-img_20260316_094637backend

Səfəvilərə xəyanət edən Əlqas Mirzə kimdir?

image-ads-728x90

1516-cı il martın 15-də anadan olan Əlqas Mirzə şah I İsmayılın həyatda qalan dörd oğlundan ikincisi idi.

8 yaşı olanda atası öldü və 10 yaşlı böyük qardaşı Təhmasib taxta çıxdı. Şah 1532-ci ildə Əlqası Astrabad bəylərbəyi təyin etdi. Şahzadə 1534-cü ildə sultan Süleymanın Azərbaycana birinci yürüşü zamanı osmanlılarla döyüşdü.

Hələ I İsmayılın dövründə Səfəvilərdən asılılığı qəbul edən, amma vaxtaşırı müstəqilliyini bərpa etməyə çalışan Şirvanşahlar dövlətinə son qoymağı qərara alan I Təhmasib Şirvan üzərinə göndərdiyi yürüşə məhz Əlqası rəhbər təyin etdi. Əlqas 1538-ci ildə Şirvanşahlara son qoydu və mükafat olaraq Şirvan bəylərbəyi təyin olundu.

Amma Şirvanın müstəqillik cəhdləri bununla yekunlaşmadı. Əksinə, başına Əlqas keçdi və bununla daha təhlükəli oldu.

İki qardaş arasında münasibətlər ilk dəfə 1546-cı ildə pozuldu, amma Əlqasın anasının vasitəşiliyi sayəsində barışıq əldə edildi.

Amma artıq 1547-ci ildə Əlqas öz adına xütbə oxutdurdu, sikkə kəsdirdi, bu da müstəqillik əlaməti idi. I Təhmasibin Şirvana göndərdiyi ordu Samur çayı sahilində baş verən döyüşdə Əlqasın qüvvələrini məğlub etdi. Səfəvi şahzadəsi İstanbula qaçaraq Osmanlı sarayına sığındı.

O, Sultan Süleymanı Səfəvilər dövlətində böyük dəstəyinin olduğuna inandırır. Sultan da növbəti yürüşünə başlamağa qərar verir. Osmanlı qüvvələri 1548-ci il martın sonlarında İstanbuldan çıxaraq şərqə hərəkət etdilər.

Sultanın və Əlqasın komandanlıq etdikləri iki qoşun 1548-ci ilin iyununda Xoyda birləşdilər və bir qədər sonra Təbrizi aldılar. Təhmasib üstün Osmanlı qüvvələri ilə döyüşə girməkdən çəkindi və əkin sahələrini, ərzaq ehtiyatlarını məhv edərək dövlətinin içərilərinə doğru çəkildi.

Səfəvi dövlətinin paytaxtı tutulsa da, aydın oldu ki, Əlqas güclü dəstəyinin olması barədə yalan danışıb. Ərzaq problemi yaşayan osmanlıllar Vana çəkilməli oldular. Burada sədrəzəm Rüstəm paşa Əlqası yalançılıqda ittiham etdi. Əlqas isə guya ona verdikləri sözü tutmayan qızılbaş əmirlərini günahlandırdı.

Sultan Süleyman Əlqasa bir miqdar qoşun ayıraraq kampaniyanı müstəqil davam etdirməyə icazə verdi. Yenidən Səfəvi torpaqlarına hücum edən Əlqas müəyyən uğurlardan sonra digər qardaşı Bəhram mirzənin başçılıq etdiyi Səfəvi ordusu tərəfindən məğlub edildi və geri qayıtdı.

Sultan tərəfindən cəzalandırılacağından qorxan Əlqas Mərivanın kürd hakimi Söhrabın yanına qaçdı. Az sonra Bəhram Mirzə şəhəri mühasirəyə aldı və asi qardaşının verilməsini tələb etdi. 1549-cu ilin oktyabrında Əlqas təslim oldu.

Qəhqəhə qalasına salınan şahzadə 1550-ci il aprelin 9-da burada öldürüldü. Sultan Əhməd mirzə və Sultan Fərrux mirzə adı iki oğlu uzun illər Qəhqəhədə saxlanılandan sonra 1568-ci ildə öldürüldülər.

Yadigar Sadıqlı



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki