1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti və “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin təşəbbüsü ilə şəhid və qazi övladları üçün xüsusi tədbir proqramı keçirilib.
Zefer.media xəbər verir ki, tədbirdə iştirak edən qonaqları Vətən müharibəsi qəhrəmanı Zaur Hüseynov və muzeyin direktoru Tural İbrahimov qarşılayıblar.
Uşaqlara görə həm maarifləndirici, həm də əyləncəli proqramlar hazırlanıb. Daha sonra isə iştirakçılar üçün gəmi-muzeydə ekskursiya təşkil olunub.
Kapitan obrazında animator azyaşlılara muzey haqqında məlumat verib. İnteraktiv formatda keçirilən tur zamanı dənizçilik tarixi, gəminin fəaliyyəti və Azərbaycan dənizçiliyinin inkişafı barədə maraqlı bilgilər bölüşülüb.
Proqram çərçivəsində uşaqlara çay süfrəsi qurulub, onlarla xatirə şəkilləri çəkilib və asudə vaxtlarının səmərəli keçməsi məqsədilə müxtəlif əyləncəli fəaliyyətlər icra edilib.
Təşkilatçılar vurğulayıblar ki, tədbirin əsas məqsədi şəhid və qazi ailələrinin övladlarına diqqət və qayğı göstərmək, onların bayram sevincini bölüşməkdir.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti tərəfindən uşaqlara hədiyyələr də təqdim olunub.
Tədbirə qatılanlar proqrama böyük maraq göstərib və məmnunluq ifadə ediblər.























