Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan iki mənzili 5-ci dəfə açıq hərrac vasitəsilə satışa çıxarılıb.
Korrekt.az yeniavaz.com-a istinadla xəbər verir ki, həmin mənzillərdən biri satılıb.
Paytaxtın Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, 108 ünvanında yerləşən, 370.4 kvadratmetr sahəsi olan mənzil 50% endirimlə 5-ci dəfə satışa çıxarılaraq 463 min 125 manata alıcı tapıb.
Sabiq nazirin mənzilini alan şəxsin kimliyi barədə açıqlama verilməyib.
Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospekti, ev 7A, mənzil 3 ünvanında yerləşən, 61.1 kvadratmetr sahəsi olan 2-ci mənzil isə satılmadığı üçün avqustun 18-də 6-cı dəfə hərraca çıxarılacaq. Bu dəfə mənzilin qiymətində heç bir endirim olmayacaq və mənzil 5-ci hərracda olduğu kimi 175 min manata təqdim olunacaq.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvətalma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.





















