Dünya üzrə şirkət rəhbərlərinin böyük əksəriyyəti yaxın illərdə süni intellektin əmək bazarında ciddi dəyişikliklərə səbəb olacağını düşünür.

Konsaltinq şirkəti “Mercer” tərəfindən aparılan və 12 min rəhbər şəxs, insan resursları üzrə mütəxəssis, əməkdaş və investoru əhatə edən sorğunun nəticələrinə görə, CEO-ların 99 faizi süni intellektin qarşıdakı iki il ərzində ən azı müəyyən həcmdə işçi ixtisarlarına səbəb olacağını gözləyir.

Hesabata əsasən, 22-27 yaş arası gənc mütəxəssislər iş yerlərini itirmək baxımından ən böyük risk qrupu hesab olunur. Bunun əsas səbəbi süni intellekt sistemlərinin yeni işçilərin öyrənilməsi üçün nəzərdə tutulan sadə və təkrarlanan tapşırıqları effektiv şəkildə yerinə yetirə bilməsidir. Nəticədə bir çox şirkət ənənəvi şəkildə gənc kadrların işə qəbulu proseslərini yavaşlatmağa başlayıb. Bu tendensiyanın nümunələrindən biri kimi beynəlxalq banklardan biri olan “Standard Chartered” göstərilir. Bank yaxın dövrdə 7 min iş yerinin ixtisar ediləcəyini açıqlayıb. Bildirilir ki, məqsəd aşağı dəyər yaradan insan əməyini avtomatlaşdırma həlləri ilə əvəz etməkdir.

Bənzər nəticələr digər konsaltinq şirkəti olan “Oliver Wyman” tərəfindən keçirilən qlobal CEO sorğusunda da əks olunub. Hesabata görə, avtomatlaşdırma səbəbindən giriş səviyyəli vəzifələri azaldan şirkətlərin payı cəmi bir il ərzində 17 faizdən 43 faizə yüksəlib.

Bu arada texnologiya sektorunda işdən çıxarmalar sürətlənməkdə davam edir. Məlumatlara görə, təkcə 2026-cı ilin ilk rübündə texnologiya sənayesində təxminən 40 min nəfər işini itirib. Ümumilikdə isə ilin ilk üç ayında texnologiya şirkətlərində 80 minə yaxın iş yeri ixtisar olunub. Həmçinin “Amazon”, “Accenture” və “Meta” kimi iri korporasiyalar avtomatlaşdırma ilə əlaqələndirilən minlərlə iş yerinin ixtisarını elan etməyə davam edirlər.

Əmək bazarı üzrə analitiklər hesab edirlər ki, bəzi texnologiya şirkətləri işçi ixtisarlarının əsas səbəbi kimi süni intellekti göstərsələr də, əslində bu qərarlar həddindən artıq işə qəbulun nəticələrinin aradan qaldırılması siyasəti ilə bağlı ola bilər. Mütəxəssislərin fikrincə, bu tendensiya davam edərsə, yeni nəsil əmək bazarına daxil olmaqda ciddi çətinliklərlə üzləşə bilər. Belə ki, işəgötürənlər təcrübə tələb etsələr də, həmin təcrübəni qazanmağa imkan verən vəzifələrin sayı getdikcə azalacağından bu əmək bazarında ciddi risklərlə müşahidə olunacaq.

 


 

Bu mövzu ilə bağlı İnformasiya Texnologiyaları (İT) üzrə mütəxəssis Fərid Kazımov “AzPolitika”ya şərhində bildirib ki, süni intellektdən həddindən artıq qorxmağa əsas yoxdur.

O qeyd edib ki, mövcud mərhələdə süni intellekt bütün insanları tam şəkildə əvəz etmək imkanına malik deyil və daha çox müxtəlif peşələr üzrə ayrı-ayrı funksiyaları yerinə yetirmək qabiliyyətinə sahibdir.

Ekspert bildirib edib ki, hər bir peşə müxtəlif funksiyalardan ibarətdir və süni intellekt əsasən həmin funksiyaların bir hissəsini öz üzərinə götürür: “İdeal halda süni intellekt müxtəlif sahələrdə çalışan peşəkarların və mütəxəssislərin köməkçi alətinə çevrilir. Bu da insanların müəyyən işləri yerinə yetirmək üçün sərf etdikləri vaxtı əhəmiyyətli dərəcədə azaltmağa imkan verir”.

Fərid Kazımov nümunə olaraq proqramlaşdırma sahəsini göstərib. O bildirib ki, əvvəllər müəyyən kodların yazılması üçün uzun vaxt tələb olunurdusa, hazırda süni intellekt həmin funksiyaları qismən öz üzərinə götürə bilir: “Xüsusilə aşağı və orta səviyyəli proqramçıların yerinə yetirdiyi bir sıra vəzifələri süni intellekt daha qısa müddətdə icra edə bilir. Bu zaman yüksək səviyyəli proqramçılar süni intellekt tərəfindən hazırlanan kodları təhlil edir və onları hazırladıqları həllərə inteqrasiya edirlər”.

Ekspert hesab edir ki, oxşar proses digər sahələrdə də müşahidə olunur: “Süni intellekt müxtəlif funksiyaları öz üzərinə götürsə də, bununla yanaşı təşkilatlarda insan əməyindən qeyri-effektiv istifadə halları da mövcuddur. İstər dövlət qurumları, istər biznes strukturları, istərsə də qeyri-hökumət və təhsil müəssisələrində optimallaşdırıla biləcək funksiyalar var. Qlobal rəqabətə davam gətirmək istəyən istənilən təşkilat optimallaşdırma aparmalı və innovasiyaları tətbiq etməlidir. Süni intellekt də bu istiqamətdə mühüm alətlərdən biridir”.

Ekspert insan resurslarının idarə olunması sahəsini də nümunə göstərib. O bildirib ki, əvvəllər işə qəbul prosesi zamanı vakansiyaların yerləşdirilməsi, müraciətlərin nəzərdən keçirilməsi, CV-lərin təhlili və müsahibələrin təşkili üçün xeyli insan resursu və vaxt tələb olunurdu. Hazırda isə bu funksiyaların böyük hissəsini süni intellekt vasitəsilə həyata keçirmək mümkündür. Süni intellekt namizədlərin müraciətlərini təhlil edə, ilkin müsahibələri keçirə və sonrakı mərhələlər üçün uyğun namizədləri müəyyənləşdirə bilir. Son qərarı isə yenə də şirkət nümayəndələri verir.

Fərid Kazımov bildirib ki, bu yanaşma şirkətlərə resurslardan daha səmərəli istifadə etməyə və daha yüksək ixtisaslı əməkdaşlara üstünlük verməyə imkan yaradır. Onun fikrincə, yeni texnoloji dövrdə əmək bazarında rəqabət daha da artır və insanlar peşəkarlıq səviyyələrini daim inkişaf etdirməlidirlər.

 

 

Ekspert qeyd edib ki, əvvəlki nəsillər təhsil aldıqları biliklərdən uzun illər ərzində istifadə edə bilirdilər. Müasir dövrdə isə həm biliklərin daim yenilənməsi, həm də bəzən peşələrin dəyişdirilməsi zərurəti yaranır. Çünki bəzi peşələr zaman keçdikcə aktuallığını itirə və ya tamamilə sıradan çıxa bilər.

“Bu səbəbdən insanlar daha fəal olmalı, bacarıqlarını artırmalı və ömürboyu öyrənmə prinsipinə uyğun fəaliyyət göstərməlidirlər. Hazırkı reallıq məhz budur və bu şəraitdə uğur qazanmaq üçün insanlar öz üzərlərində işləməlidirlər. Dünyanın ən böyük 500 şirkətini əhatə edən araşdırma zamanı həmin şirkətlərin gəlirlərinin və dövriyyələrinin artdığı, lakin işçi sayının eyni templə yüksəlmədiyi müəyyən olunub. Təhlillər göstərib ki, bunun əsas səbəblərindən biri optimallaşdırma prosesləridir. Şirkətlər yeni əməkdaşlara ehtiyac yarandıqda bəzi hallarda həmin funksiyaları süni intellekt alətləri vasitəsilə yerinə yetirməyə üstünlük verirlər. Amm süni intellekt insanı tam əvəz etmir. Sadəcə olaraq, bir mütəxəssis süni intellektdən istifadə etməklə əvvəlkindən daha çox iş görə bilir və onun məhsuldarlığı artır”, – deyə o qeyd edib.

Ekspert əlavə edib ki, hazırda söhbət insanları tamamilə işdən uzaqlaşdırıb onların yerinə süni intellekt yerləşdirməkdən getmir: “Belə bir ssenarinin gələcəkdə mümkün olub-olmayacağı məlum deyil, lakin yaxın perspektivdə bunun baş verməsi gözlənilmir. Əvvəllər müəyyən işi yerinə yetirmək görə bilir. Çünki artıq həmin işi daha az sayda əməkdaş onların istifadəsində məhsuldarlığı artıran süni intellekt əsaslı alətlər mövcuddur. Süni intellektin əsas təsiri insanların tam əvəzlənməsi deyil, onların iş səmərəliliyinin artırılmasıdır”.