“İlin sonunadək dövlət tibb müəssisələrində uzun illərdir mövcud olan növbə problemini aradan qaldırmağı hədəfləyirik”.
Korrekt.az xəbər verir ki, bunu TƏBİB-in media subyektlərinin nümayəndələri ilə qeyri-formal mühitdə açıq dialoq görüşü çərçivəsində TƏBİB-in İcraçı direktorunun müavini Bahadur Rzayev bildirib.
O qeyd edib ki, onlayn növbə sistemi hazırda mərhələli şəkildə genişləndirilir və gələn həftədən etibarən bu sistem artıq 6 tibb müəssisəsində tətbiq olunacaq.
İcraçı direktor müavininin sözlərinə görə, sistem sayəsində vətəndaş seçdiyi tibb müəssisəsində uyğun həkimə növbə tapa bilmədikdə, digər dövlət xəstəxanalarındakı eyni ixtisaslı həkimlərə də onlayn şəkildə növbə götürə biləcək:
“Məqsəd mövcud resurslardan daha səmərəli istifadə etmək və vətəndaşın xidmətə çıxışını asanlaşdırmaqdır.
Hər bir həkimin gün ərzində qəbul edə biləcəyi pasiyent sayı məhduddur və vətəndaşların bu məsələni anlayışla qarşılaması vacibdir”.
O qeyd edib ki, vətəndaşlar yalnız bir həkimdə növbə olmadığını əsas gətirərək narazılıq etməməlidirlər:
“Alternativ tibb müəssisələrində eyni xidmət mövcuddursa, həmin həkimlərə müraciət etmək mümkündür. Bunun üçün bütün elektron növbə tətbiq olunan müəssisələrdə vətəndaşlara kömək göstərən əməkdaşlar fəaliyyət göstərir”.
İcraçı direktorun müavini vətəndaşları istifadə etməyəcəkləri növbələri vaxtında ləğv etməyə də çağırıb:
“Statistikaya görə, bəzi tibb müəssisələrində onlayn növbə götürən vətəndaşların yalnız 58 faizi həkim qəbuluna gəlir. Təxminən 42 faiz isə növbəsindən istifadə etmir. Bu isə həm həkimin iş vaxtının səmərəsiz keçməsinə, həm də digər vətəndaşların xidmət alma imkanlarının məhdudlaşmasına səbəb olur. Gəlməyəcəksinizsə, növbəni ləğv edin ki, həmin vaxtdan başqa vətəndaş yararlana bilsin”.
B.Rzayev onu da əlavə edib ki, dövlət satınalması prosesi artıq elan olunub və ilin sonuna qədər onlayn növbə sistemi ölkə üzrə daha geniş tətbiq ediləcək:
“İnanırıq ki, vətəndaşlar əvvəlcədən dəqiq vaxt götürərək tibb müəssisəsinə gələcək, uzun növbələrdə gözləməyəcək və xidmətə daha rahat çıxış əldə edəcəklər. Bu sistemin uğurlu olması üçün ictimai maarifləndirmə də böyük əhəmiyyət daşıyır”, – deyə o qeyd edib.\\modern.az





















