image-1backend

Sükan arxasında telefon zəngi sizi həbsxanaya apara bilər – tanınmış vəkildən xəbərdarlıq

image-ads-728x90

Baş Dövlət Yol Polisi İdarəsi sükan arxasında telefondan istifadə edən sürücülərə müraciət ünvanlayıb.

Müşahidələr göstərir ki, təkcə bu ilin əvvəlindən sükan arxasında mobil telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta faktı aşkarlanıb. Bu statistika sürücülərin bir qisminin hələ də diqqəti yayındıran bu təhlükəli vərdişdən tam imtina etmədiyini göstərir. Mobil telefondan istifadə nəticəsində yaranan diqqətsizlik ağır yol-nəqliyyat hadisələrinə səbəb ola biləcək əsas risk amillərindən biridir. Bu təhlükənin qarşısının alınması nəzarət tədbirləri ilə yanaşı, hər bir sürücünün yol hərəkəti qaydalarına məsuliyyətlə yanaşmasından və sükan arxasında diqqətini yalnız yola yönəltməsindən asılıdır.

Baş Dövlət Yol Polisi İdarəsi mobil telefondan istifadənin yaratdığı əsas təhlükələri bir daha xatırladır:

– Telefona baxan sürücü yolda baş verənləri vaxtında qiymətləndirə bilmir, yol nişanlarını, nişanlanma xətlərini, piyadaları və digər hərəkət iştirakçılarını nəzərdən qaçıra bilir.

– Telefonla məşğul olan sürücünün reaksiyası əhəmiyyətli dərəcədə ləngiyir ki, bu da qəfil yaranan təhlükə zamanı əyləc və ya manevr imkanlarını məhdudlaşdırır.

– Mobil telefona yönələn diqqət sürücünün hərəkət zolağından çıxmasına, təhlükəli manevrlər etməsinə və qarşıdakı məsafəni düzgün qiymətləndirə bilməməsinə səbəb olur. Unutmayaq ki, heç bir zəng, mesaj və ya bildiriş insan həyatından dəyərli deyil. Sükan arxasında məsuliyyətli davranış yalnız öz təhlükəsizliyimizi deyil, yolda olan hər bir insanın həyatını qorumaq deməkdir.

Tanınmış vəkil Ceyhun Yusifov  açıqlamasında bildirib ki, sükan arxasında mobil telefondan istifadə yol hərəkəti qaydalarının pozulması ilə yanaşı, potensial cinayətə aparan ən təhlükəli davranışlardan biridir:

“Baş Dövlət Yol Polisi İdarəsinin açıqladığı son statistika göstərir ki, təkcə bu ilin əvvəlindən sükan arxasında mobil telefondan istifadəyə görə 11 mindən çox inzibati xəta aşkarlanıb. Bu rəqəm hüquqşünas kimi məni ciddi narahat edir. Çünki həmin 11 min faktın hər biri potensial yol-nəqliyyat hadisəsinin qarşısının vaxtında alınması deməkdir. Təəssüf ki, bir çox sürücü mobil telefondan istifadəyə hələ də adi qayda pozuntusu kimi yanaşır. Halbuki hüquqi baxımdan məsələ tamamilə fərqlidir. Sükan arxasında telefonla danışmaq, mesaj yazmaq, sosial şəbəkələrə baxmaq və ya videoya diqqət yetirmək sürücünün nəqliyyat vasitəsi üzərində nəzarətini zəiflədir. Bu isə artıq ehtiyatsız davranış hesab olunur.

Azərbaycan qanunvericiliyində nəqliyyat vasitəsini idarə edən şəxsin əsas vəzifəsi yolda baş verən vəziyyəti fasiləsiz izləmək, təhlükəni vaxtında qiymətləndirmək və qəzanın qarşısını almaqdır. Mobil telefon isə sürücünün diqqətini məhz bu əsas vəzifədən yayındırır. Praktikada elə cinayət işləri ilə rastlaşırıq ki, sürücü qəza baş verəndən sonra “cəmi bir neçə saniyə telefona baxmışdım” deyə özünü müdafiə etməyə çalışır. Amma həmin bir neçə saniyə bəzən bir insanın həyatına başa gəlir. Hüquq isə nəticəyə qiymət verir. Əgər sürücünün diqqətsizliyi ölümə və ya ağır bədən xəsarətinə səbəb olubsa, artıq söhbət inzibati məsuliyyətdən deyil, cinayət məsuliyyətindən gedir. Unutmaq olmaz ki, mobil telefondan istifadə etməklə törədilən yol-nəqliyyat hadisəsi zamanı sürücünün telefon danışıqları, mesajlaşmaları, mobil cihazın istifadəsinə dair texniki məlumatlar istintaq orqanları tərəfindən araşdırılır və sübut kimi qiymətləndirilə bilər. Müasir ekspertiza vasitələri qəza anında sürücünün telefondan istifadə edib-etmədiyini müəyyən etməyə imkan verir”.

Vəkil qeyd edib ki, burada başqa bir mühüm məqam da var:

“Sürücü təkcə öz həyatına görə cavabdeh deyil. Avtomobil yüksək təhlükə mənbəyi hesab olunur və onu idarə edən şəxs qanun qarşısında daha yüksək məsuliyyət daşıyır. Bir anlıq diqqətsizlik nəticəsində piyadanın, sərnişinin və ya digər hərəkət iştirakçısının həyatına son qoyulması təkcə hüquqi deyil, həm də vicdani məsuliyyətdir. Dünya təcrübəsində də mobil telefondan istifadə sürücülərin ən təhlükəli davranışlarından biri kimi qiymətləndirilir. Bir çox ölkələrdə bu qayda pozuntusuna görə cərimələr sərtləşdirilir, təkrar hallarda sürücülük hüququnun məhdudlaşdırılması və digər sanksiyalar tətbiq edilir. Azərbaycanda da nəzarət tədbirləri ildən-ilə gücləndirilir. Lakin hesab edirəm ki, problemi yalnız cərimə ilə həll etmək mümkün deyil. Hüquqi maarifləndirmə və ictimai məsuliyyət hissi daha böyük rol oynayır. Mən bütün sürücülərə müraciət edirəm – heç bir telefon zəngi, mesaj və ya sosial şəbəkədə paylaşım insan həyatından qiymətli deyil. Əgər zəng vacibdirsə, avtomobili təhlükəsiz yerdə saxlayın, sonra danışın. Çünki sükan arxasında telefona ayrılan bir neçə saniyə ömür boyu peşmançılığa çevrilə bilər. Yol-nəqliyyat hadisələrindən sonra məhkəmə zallarında peşman olan sürücülərin dediyi cümləni dəfələrlə eşitmişik: “Kaş ki, o telefona baxmayaydım…” Təəssüf ki, həmin peşmançılıq nə həyatını itirən insanı geri qaytarır, nə də məhkum olunmuş sürücünün taleyini dəyişir. Ona görə də ən düzgün qərar qəza baş verməzdən əvvəl verilməlidir. Sükan arxasında telefonu kənara qoymaq mənzil başına salamat çatmağın əsas şərtidir”.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki