image-1backend

“Temu”ya qarşı araşdırma DƏRİNLƏŞİR: Şirkəti hansı sanksiyalar gözləyir?  

image-ads-728x90

Azərbaycanda fəaliyyət göstərən “Temu” elektron ticarət platforması ilə bağlı aparılan rəqabət araşdırması şirkətin gələcək fəaliyyəti ilə bağlı suallar yaradıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin araşdırması zamanı platformanın Azərbaycandakı təmsilçisi olan “PDD Holdings” şirkətinin rəqabət qanunvericiliyinin tələblərini pozması ilə bağlı əlamətlər müəyyən edilib. Lakin hazırkı mərhələdə bu, “Temu”nun fəaliyyətinin dayandırılması və ya şirkətin Azərbaycan bazarından çıxarılması anlamına gəlmir.

Bəs araşdırmanın nəticəsində şirkəti hansı sanksiyalar gözləyə bilər? “Temu”nun Azərbaycanda fəaliyyətinin dayandırılması mümkündürmü?

İqtisadçı Xalid Kərimli  açıqlamasında bildirib ki, Rəqabət Məcəlləsinin pozulması faktının müəyyənləşdirilməsi avtomatik olaraq şirkətin fəaliyyətinin dayandırılması demək deyil.Onun sözlərinə görə, hazırda söhbət araşdırma prosesindən gedir və yekun qərardan əvvəl qanunvericilikdə nəzərdə tutulan prosedurlar həyata keçirilməlidir:

“Rəqabət Məcəlləsinin pozulduğu müəyyənləşsə, şirkətə cərimə və digər sanksiyalar tətbiq oluna bilər. Şirkətin Azərbaycanda fəaliyyətini davam etdirib-etdirməməsi isə ayrıca məsələdir. Hər bir şirkət fəaliyyət göstərdiyi ölkənin qanunvericiliyinə riayət etməlidir”.

İqtisadçı qeyd edib ki, qanun pozuntusunun xarakterindən və nəticələrindən asılı olaraq müxtəlif sanksiyaların tətbiqi mümkündür. Lakin hazırda konkret olaraq hansı tədbirin görüləcəyini demək mümkün deyil.

“Hazırda bizə yalnız o məlumat verilib ki, Rəqabət Məcəlləsinin pozulması ilə bağlı əlamətlər müəyyənləşib. Konkret olaraq hansı sanksiyanın tətbiq ediləcəyi isə sonrakı mərhələdə bəlli ola bilər”, – deyə Xalid Kərimli bildirib.

O hesab edir ki, qanun pozuntusunun davamlı xarakter daşıması və verilən tələblərin yerinə yetirilməməsi halında daha ciddi tədbirlərin gündəmə gəlməsi mümkündür: “Əgər Rəqabət Məcəlləsində nəzərdə tutulan pozuntular davam edərsə və dövlətin bu istiqamətdə verdiyi tövsiyə və tələblər yerinə yetirilməzsə, növbəti mərhələlərdə daha ciddi tədbirlər müzakirə oluna bilər. Birbaşa fəaliyyətin dayandırılması olmasa belə, davamlı sanksiyalar şirkətin həmin bazarda fəaliyyət göstərməsinə iqtisadi baxımdan marağını azalda bilər”.

X. Kərimli vurğulayıb ki, hazırkı mərhələdə “Temu”nun Azərbaycan bazarından çıxarılacağı barədə nəticə çıxarmaq tezdir. Çünki şirkət Agentliyin müəyyən etdiyi pozuntularla razılaşmadığı halda onları mübahisələndirmək və məhkəməyə müraciət etmək hüququna malikdir.

“İstənilən qanunvericilik aktının pozulması dərhal şirkətin bağlanmasına gətirib çıxarmır. İlkin mərhələdə xəbərdarlıq, cərimə, pozuntunun aradan qaldırılması üçün müddət verilməsi kimi kifayət qədər mexanizmlər mövcuddur. Ona görə də indiki halda şirkət öz istəyi ilə fəaliyyətini dayandırmasa, dövlətin dərhal onun fəaliyyətini bağlayacağını düşünmürəm”, – deyə iqtisadçı əlavə edib.

Onun sözlərinə görə, Rəqabət Məcəlləsinin pozulması faktının müəyyənləşdirilməsi hələ “Temu”nun Azərbaycandan çıxarılması ilə bağlı qərarın verilməsi demək deyil: “Bu, hələ “Temu”nu Azərbaycan bazarından çıxarmaq niyyətinin olması demək deyil. Lakin məhdudlaşdırıcı və ya məcburedici tədbirlər tətbiq oluna bilər. Rəqabət orqanının bu istiqamətdə kifayət qədər geniş səlahiyyətləri var”.

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” elektron ticarət platformasının Azərbaycandakı təmsilçisi olan “PDD Holdings” şirkətinin fəaliyyəti ilə bağlı araşdırma aparır.

Araşdırma rəqabəti məhdudlaşdıran sazişlər, bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücü ilə bağlı qanunvericiliyin pozulması əlamətləri əsasında başlanıb. Agentlik “PDD Holdings”in “Temu” platforması vasitəsilə rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etməsi ilə bağlı əlamətlər müəyyən edib.

Məsələ Rəqabət Məcəlləsinin 16.2.1, 16.2.7 və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əlamətləri əsasında araşdırılır.
Araşdırma nəticəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı əlamətlər müəyyən edildiyindən, məsələ ilə bağlı iş qaldırılıb-qaldırılmamasına baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib.

Bu səbəbdən hazırkı mərhələdə “Temu”ya qarşı artıq iş qaldırıldığını demək düzgün deyil. Komissiya araşdırmanın nəticələrini qiymətləndirəcək və iş qaldırılması məsələsinə baxacaq.

Rəqabət Məcəlləsinə əsasən, rəqabət qanunvericiliyinin pozulmasına dair müraciətlər, mediada yayılan məlumatlar, monitorinq və təhlillər əsasında rəqabət orqanı tərəfindən araşdırma başlana bilər. Araşdırma zamanı pozuntu əlamətləri müəyyən edilərsə, müvafiq subyekt barəsində iş qaldırılması məsələsinə baxılır. Əks halda araşdırmaya xitam verilə bilər.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki