Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qadınları “Terrorsuz Türkiyə” prosesinə fəal dəstək verməyə və onun uğur qazanması üçün səylərini əsirgəməməyə çağırıb.
Korrekt.az xəbər verir ki, o, Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bu prosesdə qadınların üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib.
Ərdoğan qeyd edib ki, mənşəyindən və siyasi baxışlarından asılı olmayaraq, Türkiyədə yaşayan bütün qadınlar prosesi dəstəkləməli və onun uğuru üçün fəal iştirak etməlidirlər.
“Bu prosesin Türkiyəni necə dəyişdirəcəyini, transformasiya edəcəyini, daha firavan və güclü ölkəyə çevirəcəyini məhz siz anlatmalısınız. Ən böyük problemini həll etmiş, daxili birliyi güclənmiş, demokratiya standartları yüksəlmiş və ictimai inteqrasiyasını təmin etmiş Türkiyənin nə demək olduğunu hamımız yaxşı izah etməliyik”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan belə bir Türkiyədə digər sosial qruplarla yanaşı, ən böyük faydanı qadınların görəcəyinə inandığını bildirib.
O, prosesə dəstək verən və töhfə göstərən hər kəsə bir daha təşəkkür edib.





















