ABŞ-nin maliyyə naziri Skot Bessent İranın iqtisadi vəziyyətinin ağırlaşdığını və ölkənin neft ixracı imkanlarının ciddi şəkildə məhdudlaşdığını iddia edib.
Korrekt.az xəbər verir ki, Bessent bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb. O, ABŞ Prezidenti Donald Tramp administrasiyasının İrana qarşı həyata keçirdiyi iqtisadi tədbirlərin nəticələrinə toxunaraq Tehranı sərt ifadələrlə tənqid edib.
“İran rejimi batan gəmi kimidir. ABŞ Maliyyə Nazirliyinin avqust ayında ‘İqtisadi Təcrid’ əməliyyatına başlamasından bəri İran bir dənə də olsun neft tankerini yükləyə bilməyib. Artıq İranın satmaq üçün dənizdə bir damla belə nefti qalmayıb”, – deyə Bessent bildirib.
ABŞ maliyyə nazirinin açıqlaması Vaşinqtonun Tehrana qarşı iqtisadi təzyiq siyasətinin sərtləşdirildiyi bir dövrə təsadüf edir.
Qeyd edək ki, Bessentin İranın neft tankerlərinin yüklənməməsi və dənizdə satılacaq neft ehtiyatının qalmaması barədə iddiaları müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.





















