İranda son bir aydan az müddətdə saxta spirtli içkilərdən zəhərlənmə nəticəsində 20 nəfər həyatını itirib. Zəhərlənənlərin sayı isə 356 nəfərə çatıb.
Korrekt.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmisi Səccad Rəzəvi məlumat verib.
Onun sözlərinə görə, zəhərlənənlərdən 187 nəfəri xəstəxanaya yerləşdirilib, 142 nəfər isə müalicədən sonra evə buraxılıb. Hazırda 33 nəfərin vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbələrində müalicə alırlar.
Rəzəvi bildirib ki, saxta spirtli içkilərdən zəhərlənən 16 nəfər görmə qabiliyyətini itirib.
Səhiyyə Nazirliyinin rəsmisi zərərçəkənlərin orta yaşının 30 olduğunu da açıqlayıb. Zəhərlənənlər arasında 12 yaşlı uşağın da olduğu bildirilir.
Hadisə İranda saxta spirtli içkilərin yaratdığı ciddi ictimai sağlamlıq problemini bir daha gündəmə gətirib.





















