image-1backend

Model agentliyi gənc qadınları belə tələyə salıb – SENSASİON TƏFƏRRÜAT

image-ads-728x90

ABŞ tarixinin ən qalmaqallı cinayət işlərindən biri hesab olunan maliyyəçi və seksual istismar şəbəkəsinin rəhbəri kimi tanınan Ceffri Epşteynin işi yenidən dünya mediasının əsas mövzularından birinə çevrilib.

Cinsi zorakılığa məruz qaldığını bildirən zərərçəkmiş qadınlardan biri onu təmsil edən model agentliyinin rəhbərliyini ağır ittihamlarla üz-üzə qoyub.

Onun sözlərinə görə, agentlik rəhbərliyi onu 2009-cu ildə – hələ yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi cinayətlərə görə həbs cəzası çəkdiyi, lakin gündüzlər evindən işləməsinə icazə verildiyi vaxt – Epşteynin Floridadakı evində keçirilən 2 fotosessiyaya göndərməklə faktiki olaraq təhlükəyə atıb.

Zərərçəkmiş qadının BBC-yə verdiyi müsahibədə səsləndirdiyi fikirlər modellik sənayesindəki məsuliyyət məsələsini yenidən gündəmə gətirib:

“Agentliyimin rolu məni qorumaq idi və o, uğursuz oldu. Əslində, bu, məni təhlükəyə atdı. Və buna görə məsuliyyət daşımalıdır”.

Özbəkistandan ABŞ-a gəldikdən cəmi bir ay sonra, 18 yaşında ikən “MC2 Model Management”in Amerika filialı tərəfindən Palm Biçdəki Epşteynə məxsus mülkə göndərilən Roza bildirir ki, agentlik onun harada olduğundan tam xəbərdar idi. O, hətta “MC2”nin ABŞ-dakı keçmiş prezidenti, hazırda “The Source Models” agentliyinə rəhbərlik edən Ceff Fullerə məxsus xərc hesabatını da nümayiş etdirib. Sənədə əsasən, Fuller Epşteynin evindəki ikinci fotosessiyadan sonra Palm Biçdən öz geri dönüş uçuşunu sifariş edib.

Roza çəkiliş prosesini “qəribə” adlandırır. Onun iddiasına görə, kameranın arxasında peşəkar fotoqraf deyil, Epşteynin o dövrdəki sevgilisi Nadia Marçinko dayanıb, çəkiliş meydançasında stilist olmayıb və həmin şəkillər sonradan heç vaxt istifadə edilməyib. Roza hesab edir ki, bu fotosessiyalar Epşteyn və “MC2” tərəfindən təşkil olunub və sonradan onun maliyyəçinin köməkçisi kimi işə götürülməsinə zəmin yaradıb. Digər zərərçəkmişlər də Epşteynin gənc qadınları “köməkçi” adı altında yanına cəlb etməsinin sistematik zorakılıq mexanizminin bir hissəsi olduğunu vurğulayırlar.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan sənədlər Epşteyn məhkum edildikdən sonra “MC2” ilə bağlı 10 modelin onunla görüşdüyünü və ya əlaqə saxladığını üzə çıxarıb. Bundan əlavə, arxiv sənədlərinə görə, Epşteyn 2005-ci ildə “MC2”yə 1 milyon dollar bağışlayıb. Maraqlıdır ki, bundan 2 il sonra agentliyin sahibləri ABŞ mətbuatına Epşteynin şirkətlə heç bir əlaqəsinin olmadığını demişdilər.

2012-ci ilin martında Fullerin Epşteynə göndərdiyi elektron məktub da tərəflər arasındakı yaxın təmasdan xəbər verir. Fuller məktubda bir model barədə yazırdı: “Sən olmasaydın, onu aylar əvvəl işdən çıxarardıq. Və mən ehtiyatlı olardım, çünki o, dedi-qodu yaymağı sevir”.

Epşteynin 2019-cu ildə ikinci həbsindən bir ay sonra “MC2”nin ABŞ filialı ləğv edilib, Fuller isə yeni “The Source Models” agentliyini yaradıb.

Araşdırmaya görə, “MC2”dən 50 model bu yeni agentliyə keçirilib. “The Source Models” sorğulara cavab verməyib.

Epşteynin 100-dən çox zərərçəkmişinin baş vəkili Siqrid Makkouli model agentliklərinin bu prosesdəki rolunu belə qiymətləndirir:

“Epşteyn bir çox insana gündə üç fərqli qız istədiyini etiraf edirdi. Bu rəqəmləri təsəvvür edin… İşəgötürənlər vacib idi, çünki Epşteynin bəyəndiyi qadın tipini məhz onlar müəyyən edirdilər”.

Makkoulinin sözlərinə görə, köməkçi kimi çalışan gənc qadınlar da daimi təzyiq və sui-istifadə altında idilər, maddi asılılıq səbəbindən verilən tapşırıqlara tabe olmağa məcbur qalırdılar.
Araşdırmada keçmiş agent Remsi Elxolinin Epşteynlə 34 qadını – o cümlədən hələ məktəbdə oxuyan 18 yaşlı gənci əlaqələndirməyə cəhd etdiyi qeyd olunur.

Zərərçəkmiş qadınlardan biri 19 yaşında ikən Nyu-Yorkdakı evdə ilk görüş zamanı cinsi istismara məruz qaldığını deyib. Elxoli isə ittihamları rədd edərək zorakılıqdan xəbərsiz olduğunu, Epşteynin 2008-ci il işi ilə bağlı öz versiyasına səhvən inandığını və məqsədinin modellərə əlaqələri olan biri vasitəsilə peşəkar imkanlar tapmaq olduğunu bildirib.

Şərqi Avropadan olan və özünü Simona kimi təqdim edən digər zərərçəkmiş isə 20 yaşında tanışlıqdan sonra Epşteynin onu 200 dəfədən çox zorladığını və təxminən 2 il həyatına tam nəzarət etdiyini açıqlayıb.

Onun sözlərinə görə, Epşteyn onu o vaxt “Next Management”in rəhbəri olmuş Feys Keyts ilə görüşdürüb, görüş zamanı Keyts ona kosmetik əməliyyat etdirməyi təklif edib və cərrahın əlaqələrini Epşteynə göndərib. Ədliyyə Nazirliyinin qeydlərində Epşteynin Keytsdən daha beş model ilə görüş istədiyi yer alır.

Keytsin vəkilləri bu iddiaları təkzib edərək, onun heç bir modeldən kosmetik əməliyyat etdirməsini istəmədiyini və Epşteynin manipulyasiyalarının qurbanı olduğunu bildiriblər.

“Next Management” məsələ ilə bağlı şərh verməyib. ABŞ Ədliyyə Nazirliyinin ötən il “ittiham olunmayan üçüncü tərəflər”lə bağlı əlavə araşdırmaya əsas verən dəlil tapılmadığı barədə açıqlaması isə Nyu-York ştatının senatoru Zellnor Mayri və modellərin hüquqlarını müdafiə edən “Model Alliance” təşkilatının təsisçisi Sara Ziff tərəfindən tənqid olunur. Mayrinin hazırladığı qanun layihəsi Epşteynin əməllərindən xəbərdar olan və ya xəbərdar olmalı olan, ona model göndərən agentlik rəhbərlərinin hüquqi məsuliyyət daşımasını nəzərdə tutur.

Sonda Roza susmayan və danışmağa çəkinən digər zərərçəkmişlərə müraciət edərək onlarla əlaqə saxlamağa çağırıb.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki