Rusiyanın paytaxtı Moskvada çalışan əcnəbi vətəndaşlar üçün iş icazəsi və əmək patenti üzrə aylıq ödənişlər artırılır. Yeni tariflər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Korrekt.az xəbər verir ki, “Kommersant” qəzetinin məlumatına görə, Moskva Şəhər Duması noyabrın 25-də şəhərin vergi qanunvericiliyinə müvafiq dəyişiklikləri qəbul edib.
Qərara əsasən, təşkilatlarda və fərdi sahibkarların yanında çalışan əcnəbilər üçün aylıq iş icazəsinin qiyməti 10 min rubldan 11 min rubla qaldırılacaq. Bu, hazırkı məzənnə ilə təxminən 207 manatdan 228 manata qədər artım deməkdir.
Sahibkarlıq fəaliyyəti ilə əlaqəsi olmayan şəxsi xidmətlər göstərmək üçün fiziki şəxslərin yanında çalışan əcnəbilər üçün aylıq ödəniş isə 15,6 min rubl, yəni təxminən 323 manat olacaq.
Qanun layihəsini təqdim edən Moskva İqtisadi Siyasət və İnkişaf Departamentinin rəhbər müavini Dariya Murçenkonun sözlərinə görə, dəyişikliklər əmək miqrantlarının daha çox cəlb olunduğu iqtisadiyyat sahələrində orta əməkhaqqının artması nəzərə alınmaqla hazırlanıb.
Murçenko bildirib ki, təklif olunan tədbirlər vergi yükünün daha ədalətli bölüşdürülməsinə və şəhərin vergi siyasətində tarazlığın qorunmasına xidmət edəcək.
Deputatlar ümumilikdə Moskvanın beş şəhər qanununa dəyişiklikləri təsdiqləyiblər. Yeniliklər yalnız əmək miqrantlarının ödənişləri ilə məhdudlaşmır. Paketə investisiya vergi güzəştləri, patent əsasında vergitutma sistemi və təşkilatların əmlak vergisinin ödənilməsi qaydaları ilə bağlı dəyişikliklər də daxildir.
Əmək miqrantları üçün patent və iş icazələrinin qiymətləri Rusiyanın digər bölgələrində də yüksəldilir.
Sankt-Peterburqda aylıq ödəniş 8 min rubldan 11 min rubla, Sverdlovsk vilayətində isə 9,5 min rubldan 11 min rubla çatdırılacaq.
Zabaykalye diyarında aylıq patentin qiyməti 17 242 rubldan 24 426 rubla yüksələcək. Bu, təxminən 357 manatdan 506 manata qədər artım deməkdir.
Primorsk diyarında isə aylıq patentin qiyməti 17 206 rubl, yəni təxminən 356 manat müəyyən edilib.
Beləliklə, 2027-ci ildən Rusiyada çalışan əcnəbi əmək miqrantlarının xərcləri artacaq. Xüsusilə Moskva və digər böyük şəhərlərdə işləyən miqrantlar üçün yeni tariflər aylıq büdcəyə əlavə yük yaradacaq.





















