image-1backend

Tramp yeni tarif müharibəsinə başlayır: 16 ölkə hədəfdə, Çinə qarşı təzyiq artır

image-ads-728x90

ABŞ Prezidenti Donald Tramp administrasiyası beynəlxalq ticarət siyasətində yenidən sərt xəttə qayıdır. Vaşinqton 16 əsas ticarət tərəfdaşı ilə bağlı araşdırmanın nəticələrini açıqlayaraq onların bir qisminə qarşı yeni gömrük rüsumları tətbiq etməyi təklif edib. Bu addım qlobal ticarət münasibətlərində növbəti gərginlik mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.

“Reuters” agentliyinin məlumatına görə, ABŞ Ticarət Nümayəndəliyi (USTR) sənaye istehsalında həddindən artıq gücün yaradılması və bunun dünya bazarlarına təsiri ilə bağlı apardığı araşdırmanı başa çatdırıb. Araşdırma 1974-cü il Ticarət Aktının 301-ci bölməsi çərçivəsində həyata keçirilib.

Vaşinqtonun iddiasına görə, bir sıra ölkələr dövlət subsidiyaları, sənaye siyasəti və digər iqtisadi mexanizmlər vasitəsilə bazarın real tələbatını üstələyən istehsal gücü yaradır. ABŞ hesab edir ki, bu siyasət ucuz məhsulların dünya bazarına axınını sürətləndirir, Amerika istehsalçılarına zərər vurur və ölkənin sənaye rəqabət qabiliyyətini zəiflədir.

Araşdırmaya Çin, Avropa İttifaqı, Hindistan, Yaponiya, Cənubi Koreya, Meksika, Vyetnam, Tayvan, Tailand, Malayziya, İndoneziya, İsveçrə, Norveç, Sinqapur, Banqladeş və Kamboca daxil edilib.

Lakin ABŞ administrasiyası ilkin mərhələdə bu 16 tərəfdaşdan 14-nə qarşı yeni rüsumlar təklif edib. Meksika və Norveçlə bağlı araşdırmaların isə hələ davam etdiyi bildirilir.

Yeni tarif siyasətində Çinin xüsusi yer tutması təsadüfi deyil. ABŞ administrasiyası Pekini dünya bazarında həddindən artıq istehsal gücü yaratmaqda və ucuz məhsulların ixracı vasitəsilə rəqiblərinə təzyiq göstərməkdə ittiham edir.

Xüsusilə polad, alüminium, elektrik avtomobilləri, məişət texnikası, günəş panelləri və digər strateji məhsullar üzrə Çin şirkətlərinin mövqelərinin güclənməsi Vaşinqtonda ciddi narahatlıq doğurur.

ABŞ-ın mövqeyinə görə, Çin yalnız öz ərazisində istehsal imkanlarını genişləndirməklə kifayətlənmir, həm də Cənub-Şərqi Asiya ölkələrindəki investisiyaları vasitəsilə Amerika bazarına çıxış imkanlarını artırır. Vaşinqton Vyetnam, İndoneziya və Kamboca kimi ölkələrdə Çin investisiyaları hesabına istehsal olunan məhsulların əvvəlki tarif məhdudiyyətlərindən yayınmaq üçün istifadə edildiyini iddia edir.

Pekin isə bu ittihamları qəbul etmir və ixrac uğurlarını Çin şirkətlərinin rəqabət üstünlükləri ilə əlaqələndirir.

Yeni təkliflərə əsasən, Çin məhsullarına 20 faizlik əlavə rüsum tətbiqi nəzərdə tutulur. Bu rüsum əvvəlki dövrdən qalan təxminən 25 faizlik bəzi məhsul tarifləri ilə birlikdə Çinə qarşı ümumi ticarət təzyiqini daha da artıracaq.

Bununla belə, Vaşinqton Pekinlə münasibətlərdə müəyyən sabitliyi qorumağa da çalışır. İki ölkə arasında ticarət atəşkəsinin yanvarın 10-dək qüvvədə qalması nəzərdə tutulur. Razılaşmanın uzadılması halında Tramp administrasiyasının ikinci prezidentlik dövründə Çin mallarına tətbiq etdiyi tariflərin 20 faizlik həddini qoruması gözlənilir.

ABŞ-ın yeni tarif siyasəti yalnız Çinlə məhdudlaşmır. Hindistan, Yaponiya, Cənubi Koreya, Avropa İttifaqı və Cənub-Şərqi Asiyanın bir sıra ölkələri də Vaşinqtonun yeni iqtisadi təzyiqləri ilə üzləşir.

Xüsusilə Hindistanla bağlı vəziyyət diqqət çəkir. ABŞ Ticarət Nümayəndəsi Ceymison Qririn açıqlamasına görə, Vaşinqton və Yeni Dehli arasında ticarət sazişi imzalanacağı təqdirdə Hindistan mallarına tətbiq edilən tarif 17 faiz səviyyəsində saxlanıla bilər. Razılaşma əldə olunmasa, bu göstəricinin 25 faizə yüksəlməsi ehtimalı var.

Hindistan hökuməti isə ABŞ-ın ittihamlarını nəzərdən keçirdiyini və ölkədə heç bir sektorda struktur xarakterli artıq istehsal gücünün olmadığını bildirdiyini açıqlayıb.

Bu vəziyyət göstərir ki, Tramp administrasiyası gömrük rüsumlarından təkcə idxalı məhdudlaşdırmaq üçün deyil, həm də ticarət danışıqlarında tərəfdaşlarına təsir göstərmək vasitəsi kimi istifadə edir.

Digər tərəfdən, ABŞ artıq Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya və Malayziya ilə əldə edilmiş ticarət razılaşmalarında nəzərdə tutulan tarif hədlərinə əməl edəcəyini bildirir. Belə ki, Avropa İttifaqı, Yaponiya və Cənubi Koreya üçün 15 faiz, Malayziya üçün isə 19 faiz həddinin qorunması nəzərdə tutulur.

Tramp administrasiyasının siyasətində əsas ziddiyyətlərdən biri də gömrük rüsumlarının Amerika iqtisadiyyatına mümkün mənfi təsirləridir.

İdxal olunan məhsullara əlavə vergilərin tətbiqi xarici istehsalçıların ABŞ bazarına çıxışını çətinləşdirsə də, bu xərclərin müəyyən hissəsi son nəticədə amerikalı istehlakçıların üzərinə düşə bilər.

“Reuters/Ipsos” sorğusunun nəticələrinə görə, noyabrda keçirilən aralıq seçkilərdən sonra respondentlərin 62 faizi gömrük tariflərinin ləğvinə yönələn təşəbbüsləri dəstəkləyib. Bu göstərici tarif siyasətinin ABŞ daxilində də birmənalı qarşılanmadığını göstərir.

Yeni rüsumların tətbiqindən əvvəl ictimai müzakirələr və dinləmələrin keçirilməsi nəzərdə tutulur. Buna görə də tariflərin qüvvəyə minməsi prosesinin yanvar ayınadək uzana biləcəyi bildirilir.

Baş verənlər göstərir ki, Tramp administrasiyası gömrük tariflərini ABŞ-ın iqtisadi və geosiyasi strategiyasının əsas alətlərindən birinə çevirmək niyyətindədir.

Vaşinqton bir tərəfdən yerli istehsalın qorunmasını və sənaye müəssisələrinin rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir, digər tərəfdən isə xarici ölkələri Amerika ilə daha əlverişli ticarət şərtləri üzrə razılaşmağa məcbur etməyə çalışır.

Lakin bu siyasətin uzunmüddətli nəticələri birmənalı deyil. Tariflərin artması qlobal təchizat zəncirlərində yeni problemlər yarada, məhsulların maya dəyərini yüksəldə və ABŞ-ın ənənəvi müttəfiqləri ilə münasibətlərində əlavə gərginlik doğura bilər.

Ən mühüm məqam isə odur ki, Vaşinqtonun iqtisadi təzyiqləri digər ölkələri alternativ ticarət tərəfdaşları axtarmağa və yeni iqtisadi əməkdaşlıq formatları yaratmağa sövq edə bilər.

Beləliklə, Trampın yeni tarif təşəbbüsü sadəcə gömrük siyasətində dəyişiklik deyil. Bu, ABŞ-ın qlobal iqtisadi sistemdə mövqelərini qorumaq, Çinlə rəqabəti gücləndirmək və beynəlxalq ticarət münasibətlərində öz şərtlərini diktə etmək cəhdidir. Lakin bu mübarizənin nəticəsində təkcə Vaşinqtonun rəqibləri deyil, dünya iqtisadiyyatının digər iştirakçıları və ABŞ-ın öz istehlakçıları da itkilərlə üzləşə bilər.

 



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki