image-1backend

1 milyon manatlıq mənimsəmə işi: Müdafiə tərəfi bəraət istədi

image-ads-728x90

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan iclasda Eldəniz Qulamovun yeni vəkili Faiq Nəcəfovun işə cəlb olunması və prosesdə iştirak etməsi barədə qərar qəbul edilib.

İclas zamanı Raqif Abbasovun müxtəlif qurum və instansiyalara göndərdiyi müraciətlərin məhkəməyə daxil olduğu bildirilib.

Hakim qeyd edib ki, Abbasov həmin sənədlərdə işinə obyektiv baxılmasını xahiş edib. Məhkəmə bu müraciətlərin cinayət işinin materiallarına əlavə edilməsinə qərar verib.
Bununla yanaşı, Raqif Abbasovun vəsatətində iş materiallarındakı sənədlərin ekspertizaya göndərilməsi, yenidən yoxlanılması və əlavə ekspertiza təyin edilməsi istənilib. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə istintaqının gedişində Eldəniz Qulamovun vəkili müdafiə nitqi ilə çıxış edib. Vəkil bildirib ki, müvəkkili dövlət qulluqçusu olub və yalnız rəhbərliyin tapşırıqlarını icra edib. O, E.Qulamov barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Raqif Abbasovun vəkili də çıxışında müdafiə etdiyi şəxsin təqsirsiz olduğunu vurğulayaraq, barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Təqsirləndirilən şəxslər – Eldəniz Qulamov və Raqif Abbasov son sözə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər.

Növbəti məhkəmə iclası dekabrın 2-nə təyin edilib.

Xatırladaq ki, əvvəlki iclasda dövlət ittihamçısı çıxış edərək Raqif Abbasov və Eldəniz Qulamovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttihama görə, Raqif Abbasov və Eldəniz Qulamov təxminən 1 milyon manat dövlət vəsaitinin mənimsənilməsində təqsirləndirilirlər. Cinayət işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Onlara Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, R.Abbasov və E.Qulamov həbsdə deyillər; hər ikisi barəsində məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki