Türkiyənin İğdır şəhərində keçirilən Beynəlxalq Qafqaz Konqresində regionun gələcəyi, Azərbaycan-Ermənistan münasibətləri, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, ictimai diplomatiya və universitetlərarası əlaqələr müzakirə olunub.
İki gün davam edən konqres çərçivəsində altı sessiya təşkil edilib, müxtəlif ölkələrdən və elmi sahələrdən 30-dan çox nüfuzlu məruzəçi çıxış edib.
Tədbirin İğdırda keçirilməsi təsadüfi seçim kimi qiymətləndirilməyib. Naxçıvan vasitəsilə Azərbaycanla, eləcə də Ermənistan və İranla həmsərhəd olan İğdır regionun geosiyasi və coğrafi baxımdan əhəmiyyətli şəhərlərindən biridir. Konqresdə vurğulanıb ki, qədim İpək Yolu bu ərazilərdən yalnız ticarət malları deyil, həm də dil, mədəniyyət və qarşılıqlı etimad daşıyıb.
Konqresin “Qafqaz diplomatiyası” sessiyasında Türkiyə, Azərbaycan, Ermənistan və Rusiyadan olan iştirakçılar regionun gələcəyi ilə bağlı fərqli yanaşmaları müzakirə ediblər. Çıxışlarda Qafqazda davamlı dialoqun və müxtəlif mövqelərin qarşılıqlı dinlənilməsinin əhəmiyyəti qeyd olunub.
“Qafqazda elm və akademiya” sessiyasında isə Naxçıvan, Qarabağ, Ardahan və Kiprdən olan universitet rəhbərləri ali təhsil müəssisələrinin sərhədlərarası əməkdaşlıqda roluna toxunublar. Tələbə və müəllim mübadiləsi, birgə təhsil proqramları və elmi tədqiqat layihələrinin regionda əlaqələrin inkişafına töhfə verə biləcəyi bildirilib.
“Qafqazda ictimai diplomatiya” sessiyasında regionda uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasında ictimai diplomatiyanın rolu diqqət mərkəzində olub. İğdır Universitetinin də Türkiyənin Qafqaza yönəlik ictimai diplomatiya təşəbbüslərinə töhfə vermək niyyətində olduğu vurğulanıb.
“Qafqazda strateji düşüncə, regional təhlükəsizlik və ticarət” sessiyasında təhlükəsizliklə iqtisadi əməkdaşlığın bir-birindən ayrılmaz olduğu qeyd edilib. Bildirilib ki, nəqliyyat və ticarət dəhlizlərinin səmərəli fəaliyyəti üçün ilk növbədə regionda sabitlik və təhlükəsizlik təmin edilməlidir. Qafqaz ölkələrinin dəyişən çoxqütblü dünya nizamında regional maraqları nəzərə alan balanslı strategiya yürütməsinin əhəmiyyəti də müzakirə olunub.
“Qafqazda media və strateji kommunikasiya” sessiyasında media manipulyasiyası, strateji kommunikasiya və sülh dilinin təşviqi əsas müzakirə mövzuları olub. Çıxışlarda kontekstdən çıxarılmış görüntülərin, saxta hesabların və süni intellekt vasitəsilə yaradılan məzmunların cəmiyyətlər arasında yanlış təsəvvürlər formalaşdıra biləcəyi bildirilib. Xüsusilə dezinformasiyanın sülh proseslərinə olan ictimai etimadı zəiflətmək təhlükəsinə diqqət çəkilib.
“Beynəlxalq Qafqaz perspektivi” sessiyasında isə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Ermənistandan olan məruzəçilər öz ölkələrinin tarixi təcrübəsini və milli prioritetlərini bölüşüblər. Müxtəlif yanaşmalara baxmayaraq, regionun gələcəyi ilə bağlı ortaq əməkdaşlıq çərçivəsinin formalaşdırılmasının mümkünlüyü vurğulanıb.
Tədbirin yekununda üç əsas məqam önə çəkilib. Birincisi, İpək Yolunun yenidən canlanması yalnız dəmir yollarının, avtomobil yollarının və boru kəmərlərinin qurulması ilə məhdudlaşmamalı, qarşılıqlı etimad, tanınma və davamlı sülhlə müşayiət olunmalıdır.
İkincisi, universitetlər regionda baş verən proseslərin passiv müşahidəçisi deyil, elmi bilik istehsal edən, dezinformasiyaya qarşı mübarizə aparan və gəncləri bir araya gətirən fəal tərəfdaşlar olmalıdır.
Üçüncüsü, Qafqazda ortaq gələcəyin qurulması üçün media, ictimai diplomatiya və mədəni əlaqələrdə qarşıdurmanı deyil, dialoqu və əməkdaşlığı təşviq edən yanaşma ön plana çıxmalıdır.
Konqresin təşkilatçıları tədbirin keçirilməsində iştirak edənlərə, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Prezidenti İlham Əliyevə göndərdikləri təbrik mesajlarına görə təşəkkür ediblər.
Təşkilatçılar, həmçinin konqresin fəxri sədri, AK Partiyanın sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr üzrə sədri professor Kürşad Zorluya, Türkiyənin Ticarət Nazirliyinə, nazir müavini Mahmut Gürcana, İğdır valisi Mustafa Fırat Taşolara, İğdır millət vəkili Cantürk Alagözə, məruzəçilərə, moderatorlara, media nümayəndələrinə və təşkilati heyətə minnətdarlıqlarını bildiriblər.
Konqresin yekun çıxışında tədbirin bir görüşlə məhdudlaşmaması, burada qurulan əlaqələrin gələcəkdə birgə layihələrə, elmi nəşrlərə və yeni beynəlxalq görüşlərə çevrilməsi arzusu ifadə olunub.
Qeyd edək ki, Beynəlxalq Qafqaz Konqresinin əsas məqsədi region ölkələri və müxtəlif sahələrin nümayəndələri arasında dialoqu genişləndirmək, elmi-akademik əlaqələri gücləndirmək, sülh və əməkdaşlıq imkanlarını müzakirə etmək olub.





















